Cavid Hüseynovun 6 xallıq qələbəsi
- 27 Yan 2025 12:19
- 180
Ötən tur Tovuzda keçirilən qarşılaşmanın nəticəsi çoxumuzu təəccübləndirmişdi. “Kəpəz” meydan sahibi “Turan Tovuz”un qonaq kimi çıxış etdiyi qarşılaşmada 5:2 hesabıyla qələbə qazanmış, azarkeşlərini sevindirmişdi. İvan Konovalovun qoruduğu qapıya birdən-birə beş qolun vurulması qeyri-adi hadisə idi. Paçu 55-ci dəqiqədə penaltini qola çevirə bilsəydi, hesab daha biabırçı həddə olacaqdı, “sarı-göylər” 6:2 hesabıyla tarixə düşəcək qələbə qazanacaqdılar.
Bu qələbədən sonra “Turan Tovuz”un enişə, “Kəpəz”in yüksəlişə keçəcəyi ilə bağlı fikirlər sürətlə yayılmağa başladı. Ehtimal etdik ki, “Kəpəz” bu yüksəlişinə davam edəcək, tezliklə nəinki “Səbail”dən uzaqlaşmağı bacaracaq, hələ “Şamaxı” ilə “Neftçi”ni də üstələyəcək. Amma bu ehtimallar doğrulmadı, daşlar Bayıldakı “ASCO Arena”da yerinə oturdu. Özü də elə əsas rəqib “Səbail”lə oyunda. Cavid Hüseynovun dirçəltməyə, fırtınada batmaq təhlükəsindən xilas etməyə çalışdığı “dənizçilər” ardıcıl ikinci qələbəyə sevindilər. Madi Quetanın “Səbail” – “Kəpəz” qarşılaşmasının 11-ci dəqiqəsində vurduğu qol görüşdə yeganə oldu və “Səbail”ə qızıldan qiymətli 3 xal qazandırdı.
Mən ehtimallar üzərində dayanıb, iki klubun büdcəsini müqayisə etmək istəmirəm. Azərbaycanda klubların büdcələri, transferlərə nə qədər pul xərclənməsi rəsmən açıqlanmadığına görə biz kimin “varlı”, kimin “kasıb” olduğunu dəqiq deyə bilmirik. Eyni zamanda da kimin kluba ayrılan büdcədən daha yaxşı istifadə etdiyini, az büdcəylə faydalı transferlər etdiyini demək də çətindir. Gördüyümüz mənzərə yalnız meydanda sərgilənən futbol, qazanılan nəticələrdir. Buna əsasən də indiki məqamda “Səbail” “Kəpəz”i üstələyir. Həm xal ehtiyatına görə, həm də əyani mübarizədə. “Səbail” son turda “Kəpəz”i 1:0 hesabıyla məğlub etməklə bu üstünlüyü hər kəsə nümayiş etdirdi.
Ekspertlər belə qarşılaşmaları “6 xallıq qarşılaşma” adlandırırlar. Çünki qələbə qazanan tərəf öz aktivinə 3 xal yazdırmaqla yanaşı, rəqibini həmin o 3 xaldan məhrum edir. Beləcə birdən-birə 6 xal irəli düşür. İndiki halda bunu bacaran tərəf “Səbail”dir. Cavid Hüseynovu bu 6 xallıq qələbə münasibətiylə təbrik etməyə dəyər. Nəzərə alaq ki, “dənizçilər” ötən tur da “Sumqayıt”ı səfərdə məğlub etmişdilər. Düzdür, həmin qarşılaşmada “Sumqayıt”ın itkiləri var idi, Vaqif Cavadovun seçim imkanları xeyli məhdudlaşmışdı. Amma elə həmin məhdud heyət “Sabah”ı bu tur büdrədə bildisə, “Səbail”in Sumqayıt səfərindən 3 xalla dönməsi böyük qəhrəmanlıqdır.
Bundan sonrası daha maraqlı olacaq. “Səbail” əsas rəqibi “Kəpəz”i məğlub etməklə həm də psixoloji üstünlük qazanmağı bacardı. Ötən tur Tovuzda meydan sulayan, qolları bir-birinin ardınca düzən “Kəpəz”dən əsər-əlamət yox idi. Deməli, Hüseynov eyforiyada olan rəqibini yaxşı analiz edib, onların əl-qolunu bağlamağı da bacarmışdı. Qalır “Səbail”in eyforiyaya düşməməsi, bu yüksəlişi davam etdirməsi. Biz isə bu “yaşamaq uğrunda mübarizə”ni maraqla izləyəcəyik. Premyer Liqada layiq olan qalsın!