"CBC Sport" İnqilab Məmmədovu danışdırıb, amma efirə verməyib?
- 29 Okt 2021 17:00
- 650
“Sabah” – “Sumqayıt” oyunundan sonra qonaqların çalışdırıcısı Ayxan Abbasovun baş hakim İnqilab Məmmədovdan narazılıq etdiyini ötən sayımızda yazmışdıq.
Buna səbəb referinin 12-ci dəqiqədə Murad Xaçayevə qırmızı vərəqə verərək meydandan kənarlaşdırması olub. Mütəxəssisin fikrincə, Məmmədov qərarında səhvə yol verib.
Cari mövsümdən qəbul olunan qaydaya əsasən, hakimliklə bağlı mübahisəli vəziyyət yaranarsa, yayıncı telekanal matçdan dərhal sonra baş hakimdən açıqlama almalıdı. Oyunu stadiondan izləyən reportyorumuz da görüşdən sonra “CBC Sport”un əməkdaşı Elnur Məmmədlinin İnqilab Məmmədovdan açıqlama aldığının şahidi olub. Lakin telekanalın Xəbərlər Xidmətinin direktoru Şəmsəddin Abbasovla əlaqə saxladıqda bu tur hakimliklə bağlı heç bir açıqlama alınmadığını demişdi. Dünən yenidən bu mövzuya qayıtdıq və adı çəkilən şəxsləri danışdırdıq.
Elnur Məmmədli:
“Hakim oyun qaydalarına əsasən futbolçunun referi ilə birbaşa kontakta girməsinin qırmızı vərəqə və cərimə zəribəsi olduğunu vurğuladı. Topun autda olmasına görə vərəqə verdiyini, cərimə zərbəsi təyin etmədiyini dedi. İnqilab Məmmədov Murad Xaçayevin sinəsi ilə ona toxunduğunu və bunun yetərincə sərt olduğunu diqqətə çatdırdı. “Oyunun əvvəli olduğu üçün burda sarı vərəqə vermək olardı”sualına isə hakim oyun qaydalarında belə bir şeyin olmadığını qeyd etməklə kifayətləndi”.
Şəmsəddin Abbasov:
“Ya Rüstəm müəllim, ya da şərhçilərimizdən biri mənə deyirlər ki, hansısa oyunda mübahisəli epizod oldu. Yaxşı olar ki, hakimin fikrini öyrənək. Biz də o zaman referidən açıqlama alırıq. Sırf oyuna və nəticəyə təsir edən mübahisəli epizodlar zamanı bunu edirik. Hər oyunda hakimlərdən açıqlama almırıq. İndyə kimi 2 dəfə bu təcrübədən istifadə olunub. “Sabah” – “Sumqayıt” qarşılaşmasında isə açıqlama alınsa da, bizə heç bir məlumat verilməmişdi. Aramızda əlaqə səhvi olmuşdu. Bizim onun müsahibə aldığından xəbərimiz olmadı. Başqa heç bir problem yaşanmayıb”. ("Futbol plus")