SSRİ dövründə “Neftçi”nin heyətində tanınmış, azarkeşlərv arasında sevilən futbolçular çox olub. Ancaq qardaşlar dueti, özü də hər ikisi eyni dərəcədə azarkeşlərv arasında rəğbət qazananlar isə nadir hadisələrdən olub. Cavadov qardaşları məhz “Neftçi”nin belə nadir qardaş duetindən idi. Yəqin söhbətin kimlərdən getdiyini anladınız. Bəli, Füzuli və İsgəndər Cavadov qardaşlarından söhbət gedir.

 Ümumiyyətlə, Cavadovları idmançı ailəsi saymaq olar. Ataları Cavad fəhlə işləsə də, idmana böyük maraq göstərirdi. Bu da səbəbsiz deyildi. Gənciliyində futbolçu olmaq istəyən Cavad arzusuna çatmadı. Lakin o, futbola, ümumilikdə idmana sevgisini uşaqlarına aşılaya bildi. Cavadın doqquz övladından  səkkizi aktiv idmanla məşğul olub. Bu uşaqlardan ikisi sonradan Azərbaycan futbolunda ad çıxarmış Füzuli və İsgəndər Cavadovlardı.

 

 

Karyerasını qürbətdə başlayıb, qürbətdə bitirən “Neftçi”nin lideri

 Füzuli futbolda ilk addımlarını gec atıb. Yalnız 12 yaşında o, indiki Bakıxanov qəsəbəsindəki stadionda futbolun sirrlərini öyrənməyə başlayıb, bu idman növünün sehrinə düşüb. Ona bu sehrin sirlərini Şirəli Şirəliyev öyrədirdi. İllər ötdückə futbola gec başladığından “Neftçi”yə düşməyin çətinliyini anlayır, Vətəni tərk edir. O, futbolçu karuerasını Rostov vilayətində davam etdirməyə başlayır. Qeyd edək ki, həmin vaxtı Füzulinin özündən başqa iki qardaşı da orada futbol oynayırdı. Onlar sözügedən vilayətdə kifayət qədər ad-san qazanmışdılar. Məhz qardaşlarının himayədarlığı sayəsində Füzuli yerli şəraitə tez uyğunlaşa bilir.

 Vilayət birinciliyində çıxış edən futbolçunun bacarığı tezliklə ətrafa yayılır və o, şəhərin əsas komandası olan OİK_ə dəvət edilir. Beləliklə, onun futbolçu olmaq arzusu gerçəkləşir. Hətta o, 1972-ci ildə OİK-in tərkibində güclülər dəstəsində debüt etməyi də bacarır. Maraqlıdır ki, elə həmin il “Neftçi” güclülər dəstəsini tərk edir. Bakı klubnunu yenidən, özü də tezliklə güclülər dəstəsinə qaytarmaq üçün heyətin gücləndirilməsinə başlanılır. Buna görə də kənarda oynayan Azərbaycan futbol məktəbinin yetirmələrini Respublikaya dəvət edirlər. Dəvət olunanlar arasında Füzuli də var idi. “Neftçi”də oynadığı ilk mövsümdə o, komandanın əsas fiqurlarından birinə çevrilə bilir və ardıcıl 3 mövsüm paytaxt klubunun əsl lideri olur. Həm hücumçu, həm də yarımmüdafiəçi kimi oynadığından Füzuli əsl bombardirlik keyfiyyətini üzə çıxarda bilmir. Hərçənd sürəti və başla gözəl oyunu buna imkan yaradırdı. “Neftçi”nin 1976-cı ildə güclülər dəstəsinə qayıdışından sonra da o, öz liderlik keyfiyyətlərini göstərməkdə davam edir. Ancaq 1979-cu ildə komandaya Əhməd Ələsgərovun baş məşqçi gəlməsi onun “Neftçi”dəki çıxışlarına sonqoyur. Ələsgərovun “Neftçi”də yenidənqurma siyasəti aparması nəticəsində bir çox oyunçular komandadan xaric edilir. Özünü sığortalamaq üçün baş məşqçi Füzulini yanına çağırıb deyir: “Komandada Cavadovlardan yalnız biri qalmalıdır”. Bundan sonra qardaşı İsgəndərin futbolçu karyerasına mane olmamaq üçün “Neftçi”ni tərk edir. Lakin futbol oynamaq üçün o, yenidən Azərbaycanı tərk edir. Beləliklə, futbolçu karyerasını ölkədən knarda başlayan Füzuli, onu elə ölkədən kənarda da bitirmək məcburiyyətində qalır.

 

 

Öncə bəyənilməyərək heyətdən çıxarıldı, sonradan əvəzolunmaz lider oldu

Füzulidən fərqli olaraq, İsgəndər uşaq yaşlarından futbolla məşğul olmağa başlayır. Buna səbəb isə özündən böyük 3 qardaşının bu idman növü ilə bağlılığı idi. İsgəndər futbolun incəliklərini Eduard Cəbrayılovun rəhbərlik etdiyi qrupda öyrənməyə başlayır. Sonra isə futbolla 6 nömrəli idman-internat məktəbində məşöul olur. Tezliklə onu “Neftçi”nin əvəzedici heyətinə götürürlər. Lakin ilk təlim-məşq toplanışından sonra komandadan xaric edirlər. Belə olan halda İsgəndərSSRİ birinciliyinin 2-ci liqasının 9-cu zonasında çıxış edən Sumqayıtın “Xəzər” klubuna keçir. Uğursuz mövsümdən sonra komanda dağıldığına görə, o, “Avtomobilçi”yə (Bakı) üz tutur. 1976-cı ildə Cavadov yenidən “Neftçi”nin əvəzedici heyətinə dəvət alır və tezliklə komandanın kapitanı olur.

 İsgəndərin əsas heyətdəki debütü isə 1977-ci ilə təsadüf edir. Komandanın baş məşqçisi BondarenkoCavadovun perspektivini görərək onu “Şaxtyor”la səfər oyununun sonlarında meydançaya buraxır. Bu həm də Cavadov qardaşlarının eyni anda meydançada olduqları ilk an idi.

 İsgəndər 1978-ci ildən başlayaraq komandada 4 il ardıcıl uğurlu mövsüm lər keçirir. Hətta “Neftçi”dəki baş məşqçi dəyişiklikləri də onun oyununa təsir etmirdi. Artıq digər komandalardan ona təkliflər gəlməyə başlayır və Cavadov Moskva “Dinamo”suna keçir. O, “Dinamo”nun heyətində UEFA kubokunda Polşanın “Şlensk” klubunun qapısından top da keçirir. Bununla da o, Avropa klublarında qol vuran ilk azərbaycanlı futbolçu olur. SSRİ yığmasına düşmək perspektivinə baxmayaraq, onun Moskvadakı çıxışları çox çəkmir.  Moskvada Azərbaycan KP MK-nin birinci katibi Kamran Bağırovla görüş zamanı isə futbolçuya respublikanın çoxsaylı azarkeşlərinin xahişi ilə doğma kluba qayıtmaq təklif olunurş Oyunçu geri qayıtmaq istəsə də, “Dinamo” onu buraxmırdı. Belə olan halda Sov. İKP MK Siyasi Bürosunun üzvü Heydər Əliyev işə qarışır və məsələ həll olunur.

 “Neftçi”Yə döndükdən sonra o, yenidən əsli liderə çevrilir. O, Komandanın kapitanı olmaqla oyunçu yoldaşlarını arxasınca aparmağı bacarır. Cavadov SSRİ çempionatında ardıcıl 77 oyunu əvəzedilmədən keçirərək bu göstərici üzrə “Neftçi”nin rekordmusu olur.

  Keçən əsrin 80-ci illərində İsgəndər Cavadov-Maşallah Əhmədov-İqor ponomaryov “üçlüy”ü nəinki respublikamızda, hətta bütüjn İttifaqda səs salmışdı. Məhz bu möhtəşəm “üçlük” istənilən oyunun taleyini həll etməyə qadir idi. Bu “üçlüy”üçn sivri ucunda isə məhz Cavadov dururdu.

 SSRİ çempionatının görüşlərinin birində isə o tullanaraq, topu başının üzərindən qayçıvari hərəkətlə qapıdan keçirə bilir. İqor Ponomaryovun künc zərbəsindən qaldırdığı ötürmədən sonra vurulan həmin qol bütün SSRİ-yə səs saldı.  Lakin “mövsümün ən yaxşı qolu” müsabiqəsində münsiflər heyətinin rəhbəri Nikita Simonyanın futboldankənar səbəblərə görə bu topu hətta turun ən yaxşı qolları siyahısına da daxil etməmişdi.

 “Neftçi”nin güclülər dəstəsindən çıxması ilə bərabər İsgəndər də futbolla vidalaşdı. Karyerası ərzində vurduğu 53 qol sayəsində o, SSRİ-nin 100 ən yaxşı bombardiri siyahısına düşə bildi.

 Futbolçu karyerasını başa vurandan sonra Cavadov ADU-nun (indiki BDU) hüquq fakültəsini bitirərək başqa sahədə çalışmağa başladı. Bunun nəticəsində o, bir müddət futboldan kənar qaldı. Lakin futbola sevgi onu yenidən bu sahəyə qaytardı. Bir müddət AFFA İcraiyyə Komitəsində işləyən Cavadov AFFA prezidentliyinə namizədliyini də irəli sürmüşdü.

 “Neftçi”dəki çıxışları yüksək qiymətləndirilən İsgəndər Cavadov 2006-cı ildə ölkə prezidenti İlham Əliyev tərəfindın “Şöhrət ordeni” ilə təltif olunub.

 

 

 

Ümidləri doğrultmayan Cavadov

Vaqif Cavadov. 1989-cu ildə Bakıda anadan olub. Füzuli Cavadovun oğlu, İsgəndər Cavadovun qardaşı oğlu.  Vaqifin futbolu seçməyində və bir futbolçu kimi inkişafında şübhəsiz atasının və əmisinin böyük rolu var. Həmçinin, hazırda “Qarabağ”ın şərəfini qoruyan, bir vaxtlar Türkiyənin “Fənərbağça” klubunun əvəzedici komandasının kapitanı olan İlqar Qurbanov onun dayısı oğludur. 2004-cü ildən Vaqif Rusiyanın ÇSKA (Moskva) klubunun gənclərdən ibarət komandasında oynayıb.

Daha sonradan o Azərbaycana qayıdıb və 2007-ci ildən etibarən Qarabağ (Ağdam) klubu ilə müqavilə bağlayıb. Qarabağın heyətində Vaqif 77 oyun keçirir və 20 qol vurur. Bu zaman ərzində o milli komadada əsas oyunçulardan birinə çevrilir və bir çox Avropa klublarının diqqətini cəlb edir. 2010-cu ilin yanvarında Vaqif Cavadov “Tvente” komandasına transfer edilir və 3,5+1 formatında müqavilə imzalayır. Vaqif 7 nümrəli forma alır. Lakin burada Vaqif möhkəmlənə bilmir və əsasən əvəzedici heyətdə oynamağa başlayır. 2010-cu ildə isə o, “Bakı” futbol klubuna icarə əsasında keçir. Burada o 23 oyun keçirir və 4 qol vurur. Mövsümün sonunda Vaqif Cavadovun “Qəbələ” ilə razılığa gəldiyi deyilsədə o Rusiya premyer-liqasının “Volqa” klubuna transfer edilir və burada "70" nömrəsi ilə çıxış etməyə başlayır. Lakin ikinci Rusiya karyerası uğursuz olur.

Vaqifin “Voqla”dan da ayrıldığına dair müxtəlif söhbətlər də yayılmağa başlayır. Daha sonra Azərbaycanda “İnter”lə müqavilə bağlayıb yaxşı mövsüm keçirir. Burada ona inanan Kaxaber Sxadadznin də böyük rolu olur. Ardınca “7” nömrə Türkiyəyə gedir və I liqada yarışan “Qaziantep” və daha sonra “Boluspor” klublarında forma geyinir. Təəssüf ki, yenə ölkə xaricində özünü doğurulda bilmir və Azərbaycana qayıdır. Karyerasındakı eniş vətəndə də davam edir. Vaqif “Xəzər Lənkəran” və “Qəbələ”dəki qısa müddətli karyeradan sonra “Sumqayıt”a keçir. Burada da lider olmağı bacarmayınca daha zəif AZAL-a yollanır. Orada da daha çox ehtiyatda qalır və “Keşlə”də lövbər salır. Lakin zorla nəyisə etmək mümkün deyil. Nə qədər ağır olsa da Vaqif artı heç kimə lazım deyildi. “Keşlə”də də möhkəmlənə bilmıyincə havada qalır. Artıq 2 ilə yaxındır ki, heç bir klub ona sahib çıxmır. Demək olar ki, futbolla vidalaşmış kimidird. Bir sözlə, belə demək mümkünsə, kiçik Cavadov atası və əmisi səviyyəsində uğur qazana bilmədi.

 

Anar XANLAROV