“Çəkimdəki bütün güləşçiləri özümə ciddi rəqib sayıram”
- 19 Yan 2024 19:30
- 279
Ötən il dünya çempionatında finala yüksəlməklə yunan-Roma güləşində Paris-2024 Olimpiadasına ilk lisenziyamızı qazanan Sənan Süleymanov (77 kq) cari ilə də inamlı start verdi.
Rekord.az xəbər verir ki, Xorvatiyada keçirilən reytinq turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Sənan Azərbaycan Güləş Federasiyasının saytına müsahibə verib:
– Yarışa hazırlığın hansı səviyyədə idi?
– Dünya çempionatından sonra ciddi zədəm var idi. İki aya yaxın onun müalicəsiylə məşğul oldum. Daha sonra tədricən məşqləri bərpa etdim. Bir-iki təlim-məşq toplanışında iştirak etdikdən sonra Zaqrebə yollandıq. Açığı, turnir ərəfəsində özümü yüksək hazırlıq formasında hiss etmirdim. Ancaq özümə çox inanırdım. Düşünürəm ki, özgüvənə görə bu nəticəni əldə etdim.
– Yarışdakı çıxışın haqqında nə deyə bilərsən?
– Reytinq turniri gözlədiyimdən çətin keçdi. Bir çox ölkələr qarşıdakı yarışlara seçim etmək üçün hər çəkidə 2-3 güləşçi gətirmişdi. Çəkimdə 42-43 idmançı var idi. İlk görüşüm həmişə çətin olur. Bu dəfə də türkiyəli Ahmet Yılmaza çətinliklə qalib gəldim. Sonra erməni əsilli Bolqarıstan güləşçisini məğlub etdim. Bu görüş də asan keçmədi. Çünki rəqibim güclü güləşçidir. Növbəti mərhələdə 2022-ci ildə dünya çempionatında uduzduğum Almaniya güləşçisinə qalib gəldim. Yarımfinalda türkiyəli Yunus Emre Başardan revanş aldım. İki dəfə hakimlərin kobud səhvinə görə ona məğlub olmuşdum. Finalda isə hamının tanıdığı Joltan Levaya 5:0 hesabıyla qalib gəldim.
– Prinsipial rəqibin olan Levayla görüşə xüsusi hazırlaşmışdın?
– Finala xüsusi hazırlaşmamışdım. Onunla 4-cü dəfə qarşılaşdım. İlk dəfə 2020-ci ildə Avropa çempionatının finalında ona qalib gəlmişdim. Sonra Bakıdakı Dünya Kubokunda Macarıstan güləşçisini məğlub etdim. Ötən il qitə birinciliyində Joltana uduzdum. Bu dəfə yarışda yenidən qalib gəldim.
– Yeri gəlmişkən, Avropa çempionluğu titulundan 4 il keçir. Bu titulu yenidən özünə qaytarmaq əzmindəsən?
– Olimpiada öncəsi əsas yarış qitə birinciliyidir. Çalışacağam ki, 2020-ci ildəki nəticəmi təkrarlayım və 2-ci dəfə Avropa çempionu olum.
– Reytinq turnirində bir neçə dəfə rəqibin arxasına keçmə fəndini məharətlə yerinə yetirdin…
– Uşaqlıqdan bu fəndi işlədirəm. Hər görüşdə alınmasa da, çox vaxt bu yolla xallar ala bilirəm. Əsas fəndim budur. Hər məşqdə də bunun üzərində işləyirəm.
– Əvvəllər parter vəziyyətində xallar qazanmaqda çətinlik çəkirdinsə, artıq son yarışlarda bu baxımdan problem yaşamırsan. Bu çatışmazlığı aradan qaldırdığını deyə bilərik?
– Düzdür, bəzi görüşlərdə parterdə xal almağı bacardım. Amma fikirləşmirəm ki, bu problem aradan qalxıb. Hələ ki, cəmi 20 faiz bu çatışmazlığı həll etmişəm. Hər gün məşqdə və məşqdən sonra təxminən yarım saat bu problemin üzərində işləyirəm. İnşallah, Olimpiadaya qədər bu məsələni maksimum səviyyədə həll edərəm.
– Zədəsiz və formada olan Sənan Süleymanov yarışların əsas favoritlərindən biri sayılır. Bir çoxları 77 kq-da olimpiya çempionluğuna əsas namizədlər kimi sənin və Akjol Mahmudovun (Qırğızıstan) adını çəkir. Bəs sən bu barədə nə düşünürsən?
– Olimpiya Oyunlarında asan rəqib olmur. Bütün iştirakçılara eyni gözlə baxıram. Düzdür, nəticə baxımından bəzi idmançılar üstündür. Ancaq mən çəkimdəki bütün güləşçiləri özümə ciddi rəqib sayıram. Zədəm olmasa, bütün rəqiblərimə qalib gələ bilərəm. İnşallah, istəyimə nail olaram.