Futzal üzrə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” braziliyalı futbolçu ilə anlaşıb.

Rekord.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən ölkə çempionu Alisson Damasceno Masiel - Kadinyo ilə anlaşıb.

Cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. O, cari ilin yanvarından Qazaxıstanın “Jetisu” klubunda çıxış edib. Bu komandanın baş məşqçisi Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın keçmiş oyunçusu Biro Jadedir.

Kadinyo Braziliyada ESMAC və “Guarani” klublarında çıxış etdikdən sonra İspaniya “Ribera Navarra”sına keçib. Burada 12 oyunda meydana çıxan və 1 qol vuran 29 yaşlı futzalçı 2022/23-cü il mövsümündə Fransa “Nantes Metropole”sinin uğurları üçün tər töküb.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sparta Belfast” (Şimali İrlandiya), “Sillamae Silla” (Estoniya) və “Uddevalla” (İsveç) klubları ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək.