Son iki həftədə Premyer Liqada oynayan klublarda koronavirusa yoluxan futbolçuların sayı birdən-birə sürətlə artmağa başlayıb. Elitada bu bəlaya düçar olmayan klub yoxdu və fərq yalnız saydadı. Xəstəlik və onun nəticələri ilə hər kəs müxtəlif qaydada mübarizə aparır. Amma hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə hələ də uğurlu və effektiv yol tapılmadığından nəticələr də müxtəlif olur.

 

Bunun nəticəsidir ki, Premyer-Liqanın bu turunda keçirilməli olan 4 matçdan üçü təxirə salınıb. Yalnız "Qarabağ" - "Qəbələ" matçı oynanılacaq.

 

Maraqlıdı...

 

Son zamanlar qeydə alınan bu yoluxma rekordlarının Premyer-Liqadakı klublarda öz əksini müxtəlif cür tapması məsələsi müəmmalıdı. "Rekord.az"-a bu barədə maraqlı məlumatlar daxil olub. 

 

Belə ki, etibarlı mənbə AFFA-nın, daha doğrusu Peşəkar Futbol Liqasının çempionatı heç bir vəchlə dayandırmaq istəmədiyini, ən azı ilin sonuna qədər nəzərdə tutulan 3 turu mütləq başa vurmaq niyyətində olduğunu qeyd edir. Buna əsas səbəb gələn il Bakıda keçirilməsi nəzərdə tutulan AÇ-2020-nin final qrup mərhələsi matçlarının keçirilməsinə təhlükənin minimuma endirilməsi, bununla da bu hüququn Azərbaycandan alınmasına bəhanə və səbəb verilməməsidir. Və son günlərdə baş verənlər bu işə mane olmaq istəyən qüvvələrin olduğunu göstərir.

 

Əvvəlcə onu qeyd edək ki, qaydalara uyğun olaraq, bir komanda meydançaya 7 sağlam futbolçu ilə çıxa bilirsə, oyun baş tutmalıdır. Yəni yoluxma sayı bu sayı düzəltməyə imkan vermirsə, matçın keçirilməməsi haqda qərar qəbul edilə bilər. Ona görə də, bir komandada 5, yaxud 7 nəfərin koronavirus testinin müsbət çıxması hələ faciə demək deyil. İştirak ərizəsində azı 25 nəfərin adını qeyd edən komandalar müvafiq dəyişikliklərlə meydana çıxa, oyunu başa çatdıra bilərlər. Avropada start heyətində 7 nəfərlə başlayan komandaların nümunəsi artıq var.

 

Ona görə də, bu günə qədər olan yoluxma sayları bu rəqəmi aşmadığına görə PFL rahatlıqla oyunu iki ertələmək yolu ilə çempionatı "itkisiz" davam etdirə bilirdi. Bu həftəyə qədər.

 

Dünən qurumun saytında belə bir məlumat yerləşdirildi: "Azərbaycan Premyer Liqasının XII turunun 5 dekabr tarixdə keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də 6 dekabrda keçirilməli olan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb. Görüşlərin tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək. Qeyd edək ki, XII turun “Qarabağ” - "Qəbələ" oyunu 6 dekabr, saat 16:00-da “Azersun Arena”da baş tutacaq".

 

Yuxarıda da qeyd etmişdik ki, start heyətinə 7 nəfər tapan komanda öz oyununu keçirməlidir. Ona görə də qurumun "7 və daha çox oyunçuda" ifadəsi anlaşılmazdı. Çünki Premyer-Liqanın bu mövsüm üçün nə Əsasnaməsində, nə də ona Əlavədə belə bir cümlə və qayda yoxdur, rast gəlinmir. Yalnız Əlavənin "Testin nəticələri müsbət çıxarsa" bölməsində qeyd olunur ki, "Əgər futbolçulardan, hakimlərdən və digər üzvlərdən götürülən teslərdə müsbət nəticə aşkarlanarsa, bu zaman daha üst qurumların tələb və tövsiyələrinə uyğun olaraq qərarlar qəbul olunacaq".  

 

Yəqin ki, bu məlumatda "daha çox" söz birləşməsi ön plana çıxır və görünən odu ki, durum nəzərdə tutulandan daha ağır olub və PFL belə bir addım atmağa məcbur olub.  

 

Amma "yoluxanlar" kimlərdi? Əvvəlcə, yoluxmayanları qeyd edək: "Qarabağ", "Qəbələ" və "Zirə". Bu adlar sizə bir şey demir? Bəli, bu klubların heç biri AFFA-nın himayəsində deyil və müstəqil qərar qəbul edə bilirlər. "Qəbələ" əvvəlcədən bu işə diqqətlə yanşadığını nümayiş etdirmiş, simptomlar olanda belə oyunçuları təcrid edə bilmişdi. "Zirə" çıxış yolu kimi komandanı bütövlükdə bazaya yığaraq yoluxmanın qarşısını almaq qərarı verib. "Qarabağ"ın isə belə bir şansı yoxdu, çünki komanda məcburən səfərə çıxmalıdı, əsas yoluxmalar da məhz Türkiyə səfərindən sonra qeydə alınıb. Başda Qurban Qurbanov olmaqla hər kəs bu işə ciddi yanaşıb və ilk andan təcridolunmaya riayət edərək bu həftəsonu matça çıxa biləcək durumu qoruyub-saxlamağı bacarıb.

 

Bəs digərləri? AFFA-nın tam və qismən himayəsində olan klublarda isə iş cızıqdan çıxıb. Dünən "Sumqayıt"da birdən-birə 18 nəfərin testinin müsbət çıxması gündəmə düşdü. Bir gün əvvəl "Neftçi"də 7 nəfər, dünən isə sumqayıtlıların xəbərindən bir saat sonra "Keşlə" və "Sabah"da kütləvi yoluxma xəbəri yayıldı. Niyə hamısı birdən və demək olar ki, eyni vaxtda?

 

Müəmmalıdı... Yox, təbii ki, virus saata baxıb kiməsə yoluxmur və ona kimsə əmr də edə bilməz ki, buna yolux, ona yox. Təbiət öz işindədi. Amma niyə məzh indi baş verir bu hadisələr?

 

Bir vacib məqamı da qeyd edək: testlər!

 

Mənbə məlumat verir ki, bütün klublar testləri öz seçdikləri klinikalarda verirlər. AFFA (PFL) isə şübhəli məqam gördükdə təkrar testi öz məsləhət bildiyi və güvəndiyi klinikalara yönəldir. Maraqlısı da odur ki, klubların bu günə qədər verdiyi testlərdə müsbət çıxan nəticələrin əksəriyyəti federasiyanın klinikalarında təkzib edilir, yəni neqativ çıxırdı. İndiyə qədər ertələnmələr və matçların təyin olunduğu gündən bir, ya iki gün sonra keçirilə bilməsi də məhz bununla bağlı idi. İlk ağıla gələn fikir oyuna tam hazır olmayan komandaların bəhanəyə əl ataraq koronadan sui-istifadə istəyidi. Bu günə qədər bunun qarşısı alına bilinirdi. Çünki klublar problemlərlə tək-tək mübarizə aparırdılar. İndi isə birdən-birə 5 komanda etiraz edərək, təxirəsalınma istəyini ortaya qoyub. Belə olan halda isə yarışları təşkil edən tərəfin geri addım atması başadüşüləndi. 

 

Bəs niyə məhz indi? Yoluxma çoxalıb? Bu tendensiya iki həftədi var, amma durum belə olmurdu. 

 

Ola bilər ki, "yuxarılar"da kreslo mübarizəsi o qədər kritik həddə çatıb ki, çempionatı sabotaj etməyə qədər belə gedə biliblər.

 

Suallar çoxdu, cavab ətrafında düşüncəni sizin öhdənizə buraxırıq.