Voleybolçu kişilər arasında Azərbaycan Yüksək Liqasında daha iki oyun baş tutub. "Rekord.az" xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən ilk görüşdə “Sərhədçi” “Neftçi”ni sınağa çəkib. 

3 setin oynanıldığı görüşdə “Neftçi” qələbə qazanıb. İlk hissədə rəqibinə cəmi 10 xal verən komanda növbəti iki seti 25:18 hesabı ilə aktivinə yazıb. 

Ardınca “Xilasedici” və “Murov” üz-üzə gəlib. FHN-nin İdman-Sağlamlıq Kompleksində təşkil olunan görüş ikincilərin qələbəsi ilə yekunlaşıb. Birinci setdə 25:20 hesabı ilə qələbə qazanan “Murov” ardınca 25:23 hesabı ilə qalib gəlib. Üçüncü hissədə “Xilasedici” fərqi azaldıb – 25:23. Lakin dördüncü setdə qeydə alınan 25:16 hesabı “Murov”un 3:1 hesablı qələbəsini təmin edib. 

Bu oyunlardan sonra “Neftçi” mövsümdə ilk məğlubiyyətini alan “Xilasedici” ilə xallarını bərabərləşdirib. İlk iki pillədə qərarlaşan klubların aktivində 12 xalı var. Onlardan 1 xal geri qalan “Murov” isə “üçlüy”ü qapayır. Bu komandalar kimi 5-ci oyunun keçirən “Sərhədçi”nin hesabında isə hələlik xal yoxdur.