PSJ 16 ildən sonra UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanan ilk Fransa təmsilçisi olub. 

Rekord.az xəbər verir ki, Paris klubu buna yarımfinalda Almaniyanın "Leyptsiq" komandasını 3:0 hesabı ilə məğlub etdiyi matçda yiyələnib. 

Sonuncu dəfə Fransa çempionatında çıxış edən "Monako" bu uğuru qazanıb. Komanda 2003/2004 mövsümünün finalında Portuqaliya "Portu"suna 0:3 hesabı ilə uduzub. 

Fransa klublarından yalnız "Olimpik” (Marsel) 1992/1993 mövsümündə Çempionlar Liqasının qalibi olub. Komanda həlledici görüşdə İtaliya "Milan"ını 1:0 hesabı ilə üstələyib. Bunadək avrokubokların finalında iştirak edən sonuncu Fransa təmsilçisi də məhz Marsel təmsilçisi idi. Klub 2018-ci ildə Avropa Liqasının finalında İspaniya "Atletiko"su ilə dueldən məğlub ayrılıb - 0:3. 

Qeyd edək ki, PSJ finalda bu gün keçiriləcək "Olimpik” (Lion) (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.