Çempionlar Liqasının qalibi bəlli oldu
- 24 Avq 2020 00:53
- 744
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) final matçı keçirilib.
Rekord.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda baş tutan görüşdə Fransanın PSJ komandası ilə Almaniya "Bavariya"sı üz-üzə gəlib.
İtaliyalı Daniele Orsatonun idarəyə etdiyi matç "Estadio da Luş" stadionunda keçirilib.
Bu oyun komandaların avrokuboklarda 9-cu dueli idi. PSJ və "Bavariya" indiyədək Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə gəlmişdilər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münhenlilər qələbə qazanmışdı.
PSJ tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirinin baş mükafatına yiyələnmək niyyətindəydi. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olsa da, ilk dəfə ÇL-də finala yüksəlmişdi. Fransa komandası turnirin qalibi olacağı təqdirdə, kuboku qazanan 23-cü komanda kimi tarixə düşəcəkdi.
Lakin "Bavariya" PSJ-nin bu istəyini reallaşdırmasına imkan verməyib. Minimal hesabla üstün olan Münhen təmsilçisi turnirin qalibi olub. Daha öncə 5 dəfə Çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son olaraq 2013-cü ildə bu titulu əldə etmişdi. Münhen klubu 6-cı dəfə də istəyini gerçəkləşdirməklə İngiltərə "Liverpul"u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olub.
UEFA Çempionlar Liqası
Final
23 avqust
PSJ (Fransa) - “Bavariya” (Almaniya) 0:1
Qol: Koman, 59.
Lissabon. "Estadio da Luş" stadionu.