Çempionlar vətəndə coşqu ilə qarşılandı VİDEO + FOTOLAR!
- 08 Noy 2022 11:18
- 369
Rumıniyada taekvondo üzrə kiçikyaşlı yeniyetmələr arasında Avropa çempionu olan iki azərbaycanlı vətənə qayıdıb.
Rekord.az xəbər verir ki, bu gün səhər saatlarında Bakıya çatan yeniyetmələri komanda yoldaşları, valideynləri və media nümayəndələri qarşılayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda baş tutan qarşılanma mərasimində böyük coşqu yaşanıb.
Taekvondo üzrə ikiqat Avropa çempionu, Azərbaycan Taekvondo Federasiyasının kiçik yeniyetmələrdən ibarət yığma komandasının baş məşqçisi, əməkdar müəllim, "Ümid" Taekvondo Klubunun rəhbəri İlkin Şahbazov jurnalistlərə açıqlamasında bildirib ki, Nazim Məmmədov (30 kq) və Sabir Məmmədli (27 kq) bütün rəqiblərini məğlub edərək çempion tituluna yiyələniblər: “Çempionatdan öncə tərəddüdlərimiz var idi. Çünki hər iki iştirakçı turnirdən bir həftə öncə xəstələnmişdi. Boğaz ağrısı və qızdırmaları var idi. Lakin valideynlərinin səyi nəticəsində uşaqlar tez bir zamanda sağalıb yarışa qoşula bildi. Çempionluğun Zəfər Günü ərəfəsinə təsadüf etməsi bizi xüsusilə qürurlandırır. Qələbəni şəhidlərimizə həsr edirik”.
Hər iki çempion da qələbənin onlar üçün çətin, amma sevincli olduğunu qeyd edib. Nazim Məmmədovun atası Samir Məmmədov isə övladının Azərbaycan bayrağını Avropada çempion kimi dalğalandırmasını böyük qürur hissi ilə qarşıladığını bildirib.
Qeyd edək ki, idmançıları Azərbaycan Taekvondo Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ezam edib.
Qafqazinfo.az