CEV-in Avropa İdman Təşkilatı Komissiyasının iclası keçirilib
- 02 Fev 2023 12:15
- 434
Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının (ESOC) növbəti iclası keçirilib. "Rekord.az" xəbər verir ki, ESOC-un cari ildəki ilk iclası Lüksemburqda təşkil olunub.
Tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, ESOC-un üzvü Mixail Frişman da iştirak edib.
CEV-in Avropa İdman Təşkilatı Komissiyasının sədri Voytsex Çaykanın rəhbərliyi ilə baş tutan iclasda 2022-ci ildə Avropada keçirilən və bu il üçün planlaşdırılan yarış və turnirlər müzakirə edilib. Çıxışlar zamanı bu gün ən vacib məsələnin gənc voleybolçuların yetişməsi və inkişaf etməsi olduğu vurğulanıb. Bütün bunları nəzərə alaraq 2025-2032-ci illər üçün uzunmüddətli təqvim planı hazırlanır.
Bundan əlavə, ESOC üzvləri cari ilin yarış qaydalarına təklif edilən bir sıra dəyişikliklərə, eləcə də CEV tərəfindən təyin olunmuş İşçi Qrup tərəfindən hazırlanmış qurumun gələcək illər üçün əsas strateji hədəflərinin ilk layihəsinə rəylərini bildiriblər.