
CEV nümayəndələri Azərbaycanda keçiriləcək AVRO-2026 ilə əlaqədar Bakıda səfərdə olublar
- 15:43
- 50
Bakıda növbəti dəfə qadın voleybolçular arasında Avropa çempionatı (CEV EuroVolley Women) keçiriləcək. "Rekord.az" xəbər verir ki, ilk dəfə 2017-ci ildə yarışa Gürcüstanla birgə ev sahibliyi edən Azərbaycan doqquz il sonra yenidən bu hüquqa sahib çıxıb.
Ölkəmiz 2026-cı ildə 21 avqust - 6 sentyabr tarixlərində baş tutacaq qitə birinciliyində dörd qrupdan birinə ev sahibliyi edəcək. Ölkəmizdə qrup oyunları Bakıda Milli Gimnastika Arenasında təşkil olunacaq. Avropa Voleybol Konfederasiyasının (CEV) AVRO-2026 üzrə təşkilat komitəsinin nümayəndələri və yayım hüququna malik CEV-in tərəfdaşı olan “İnfort” şirkətinin əməkdaşları hazırlıq işləri ilə tanış olmaq üçün 24-25 fevral tarixlərində ölkəmizdə səfərdə olublar.
Səfər çərçivəsində qarşılaşmaların keçiriləcəyi Milli Gimnastika Arenasına və voleybolçuların yerləşdiriləcəyi otellərə baxış keçirilib, həmçinin bir sıra digər təşkilati məsələlər müzakirə olunub.
Qeyd edək ki, AVRO-2026-da ümumilikdə Avropanın 24 ən yaxşı komandası dörd qrupda mübarizə aparacaq. Digər qruplara Çexiya, İsveç və Türkiyə ev sahibliyi edəcək.