Ceyhun Məmmədov: "İlin sonunadək vəziyyətin düzələcəyinə inanmıram"
- 24 Sen 2020 15:24
- 946
Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov ilin sonunadək samboda hansısa yarışın olacağına inanmır.
Rekord.az xəbər verir ki, bunu Avropa Sambo Federasiyasının vitse-prezidenti olan Ceyhun Məmmədovbildirib: “Avropa Sambo Federasiyasının İcraiyyə Komitəsinin onlayn iclasında iştirak edirəm. Biz də istəyirik ki, ilin sonunadək heç olmasa bir yarış olsun. Amma ilin sonunadək vəziyyətin düzələcəyinə inanmıram. Çünki Avropada da yoluxma sayında artım gedir. Hətta deyirlər ki, bu xəstəlik 2021-ci ilin sonunadək gedəcək. Gördüyünüz kimi, gələn ay Kazanda I MDB Oyunları keçirilməli idi. Lakin dövlətlər arasında sərhədlər bağlı olduğu üçün yarış 2021-ci ilə keçirildi”.
Samboda yeddiqat dünya və dördqat Avropa çempionu olmuş Ceyhun Məmmədov pandemiyaya görə ölkə kuboku yarışını keçirə bilmədiklərini bildirib: “Biz Azərbaycan çempionatını ilin əvvəlində keçirdik. Yaxşı ki, keçirdik, yoxsa pandemiyaya görə keçirə bilməyəcəkdik. İyunda isə ölkə kuboku yarışı olmalı idi. Ölkə kubokunun qalibi isə dünya çempionatında yığmanın heyətində yer almaq imkanı əldə edirdi. İndi yarış olsa, seçim edə bilməyəcəyik”.
Qeyd edək ki, 9-11 oktyabrda Serbiyanın Novi Sad şəhərində yeniyetmə və gənclərin, 6-8 noyabrda Türkmənistanın paytaxtı Aşqabadda böyüklərin dünya çempionatı keçirilməlidir. Hər iki yarış haqda hələ ki yekun qərar verilməyib. (Oxu.az)