Naxçıvanda keçiriləcək çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatında iştirak edəcək komandalar və oyunların başlanma tarixi bəlli olub. NFF-nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən "Rekord.az"-a verilən məlumata görə, Muxtar Respublika Stadionunun inzibati binasında komanda təmsilçilərinin iştirakı ilə keçirilən iclasda bu və digər məsələlərlə bağlı məlumatlar iştirakçılara çatdırılıb.

 

Naxçıvan MR Gənclər və İdman Nazirliyinin (NAXGİN) şöbə müdiri Taleh İbrahimov və Naxçıvan Futbol Federasiyasının (NFF) sədr müavini Sakit Rzayev yarışla bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, Uzunoba gölünün ətrafında inşa olunan çimərlik futbolu meydançası çempionatı qəbul etməyə tam hazırdır. Avqustun 6-da start götürəcək yarışda qeydiyyat prosesinin yekunlarına əsasən əsasən 12 komandanın iştirakı təsdiq olunub. Reqlament haqqında məlumat verən Sakit Rzayev həmçinin, oyun qaydalarını diqqət olunmasının vacibliyini diqqətə çatdırıb. Bununla bağlı ayrı-ayrılıqda həm hakimlər, həm də komanda təmsilçiləri üçün AFFA Hakimlər Komitəsi nümayəndəsinin iştirakı ilə onlayn seminar keçiriləcək. Pandemiya dövrü ilə əlaqədar oyunların təşkili zamanı sanitar-gigiyenik qaydalara riayət olunması və önləyici tədbirlərin icrası xüsusi diqqətdə saxlanılacaq. 

 

İclasın sonunda əlifbaya uyğun sıralanan komandaların onlayn qaydada püşkatması olub. Püşkə əsasən rəqiblər bəlli olub.  
AFFA, NAXGİN  və NFF-nin təşkilatçılığı , “Arazbet”in baş sponsorluğu ilə keçiriləcək yarışda 12 komanda  4 qrupda mübarizə aparacaq. Dairəvi sistemlə oynanılacaq oyunlardan sonra hər qrupun ən yaxşı göstəriciyə malik 2 komandası pley-offa vəsiqə qazanacaq. Bu mərhələdə 1 oyunun nəticəsinə uyğun olaraq qaliblər əsas mükafata doğru irəliləyəcəklər. Çempionat final və üçüncülük matçları ilə tamamlanacaq. İlk üçlükdə yer alan kollektivlər və fərqlənən oyunçular təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.