Çimərlik güləşçiləri üçün ilin ilk sınağı
- 26 May 2022 22:30
- 518
Dünya Güləş Birliyi (UWW) çimərlik güləşində yeni mövsümə start verir.
Rekord.az xəbər verir ki, həftəsonu Türkiyədə Dünya Seriyasının ilk mərhələsi keçiriləcək.
Mayın 28-29-da Sarıgerme qəsəbəsində baş tutacaq yarışda ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Rübail İbrahimli, Ramiz Həsənov (hər ikisi 70 kq), Omid Kamaliagdam (80 kq), İbrahim Yusubov (90 kq) və Camal Feyziyev (+90 kq) təmsil edəcək. Reqlamentə əsasən, iştirakçılar əvvəlcə qrup mərhələsində mübarizə aparacaq. Daha sonra yarımfinal və final görüşləri keçiriləcək. Qarşılaşmalar hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Qeyd edək ki, Dünya Seriyasının ilk mərhələsində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyacaq.