Koronavirusun bütün dünyanı iflic vəziyyətinə saldığı bir vaxtda bu pandemiyanın yarandığı Çində həyat normala dönməyə başlayıb.

Rekord.az xəbər verir ki, bu ölkənin cənubundakı Quançjou əyalətində ən böyük futbol stadionunun tikintisinə başlanılıb.

“Quançjou Everqrand” klubunun inşa etdirdiyi arenanın, təxminən, 100 min azarkeş tutumuna malik olacağı gözlənilir. Stadionun sahəsi 150 min kvadratmetr, ətrafı ilə birlikdə ümumi sahəsi 300 min kvadratmetr olacaq. İdman kompleksi “Quançjou Everqrand” klubunun sahibi olan “Everqrand Qrup”un olacaq. Şirkət stadiona 12 milyard yuan (təxminən 1.69 milyard ABŞ dolları) xərcləyəcək.

Arenanın tikintisinin 2022-ci ilin sonunda yekunlaşacağı bildirilir.

Yeri gəlmişkən, fevralın 22-də start verilməli olan, lakin koronavirusa görə təxirə salınan Çin Super Liqasında yeni mövsümün başlayacağı tarix də müəyyənləşib. Çin Futbol Federasiyası yeni mövsümə iyunun sonu, iyulun əvvəlində start verməyi planlaşdırır. Artıq klublara planlarını buna uyğun qurmaq tövsiyə olunub. Lakin elita təmsilçiləri bütün futbolçularını iki dəfə koronavirus testindən keçirməli olacaq. Bu testlərdən birincisi yaxın günlərdə həyata keçiriləcək. İkinci testin isə Super Liqanın start ərəfəsində götürülməsi planlaşdırılır.