Keçmişə doğru irəli!

 

 

Sörfinq, skeytbordinq, bilyard,

breyk-dans, çirlidinq, it kirşəsi idmanı...

 

Bunlar yaxın iki Olimpiya Oyunlarının proqramına daxil edilən və ediləcək idman növlərindən bəziləridir. İdman növləri yazıram, çünki hərəsinin ən azından öz federasiyası var, yerli, regional və hətta dünya çempionatları təşkil edirlər. Odur ki, məcburən idman növü deyəcəyik.

 

Başlamadan öncə deyim ki, bəli, Olimpiya Oyunlarında kanata çıxma, ip dartma, maneələrlə üzmə, duel, gürz oynatma, hətta göyərçin vurma belə bir idman növü kimi təmsil olunub və onların qalibləri də tarixə Olimpiya çempionları kimi düşüblər. Amma bütün bunlar hələ 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə, hazırkı Oyunların ideya olaraq hələ tam formalaşmadığı dövrə təsadüf edir. O zamanlar da idmanla əyləncə arasında tam əlaqə və ya fərq müəyyən edilməmişdi. İlk addımlar atılır, əsl idman və idmançı münasibət-fəaliyyət prinsipləri yenicə qurulurdu. Tədricən hər şey öz qaydasına düşdü və biz əsl idman təməlli Olimpiya Oyunlarına uzun onilliklər şahidlik etdik. Ancaq deyəsən, hər şey keçmişə doğru irəli getməyə başlayıb.

 

Sanki yenidən paralel dünyadayıq: çirlidinq və breyk-dans Olimpiya idman növüdür (biri “dir”, biri də “ola bilər”).  Bu növlərlə məşğul olanlar inciməsinlər, amma adətən bir idmanı, matçı, yarışı, turniri müşayiət edən, ona giriş və ya çıxış funksiyası yerinə yetirən fəaliyyətlərin həmin idmanlarla bərabər dəyərləndirilməsi, tərəzinin eyni gözünə qoyulmasını qəbul etmək bir yana, düşünmək belə çətindir. Yəni 265 kq-lıq çəkini qaldıran ağır atletin də, parketdə rəqs edən birinin də başına zeytun çələngi qoyularaq Olimpiya çempionu elan edilməsini fikirləşmək üçün yetərincə səbrə malik olmaq lazımdır. Minlilliklər öncənin qədim Ellada sakinlərinə bunu izah etmək mümkünsüz olardı. Düzdür, zaman, dövran dəyişir, hər şey olduğu kimi qala bilməz, dəyişikliklər labüddür. Amma bu qədər təslimçilik ruhlu və bu qədər sürətlə də yox.

 

Ancaq reallıq çox acıdır: idman uduzur!

 

İdman əyləncəyə, insanların kosmik sürətlə artan əyləncə həvəsinə məğlub olmağa başlayıb.

 

İdman analoqdan rəqəmsala, nəticədən görüntüyə doğru sürətlə keçid etməkdədir. Artıq Olimp zirvəsinə kimin birinci çatması yox, kimin bunu daha yaxşı, daha rəngarəng təqdim etməsi bacarığı ön plandadır.

 

Artıq Olimpiya devizi “Citius, Altius, Fortius!”dan (daha sürətli, daha hündür, daha güclü) “Magis delectabiles”ə (daha əyləncəli), idmançılar isə nailiyyətlər toplusu olan şəxsiyyətlərdən insanların əyləncə vasitəçisi, hətta bir qədər də kobud desək, böyüklər üçün animatorlara çevrilməyə doğru əminliklə addımlamaqdadırlar. Şou ön plana çıxır.

 

Bəli, idman da bir əyləncədir. İnsanlar istirahət vaxtlarını yaxşı və əyləncəli keçirmək üçün müxtəlif idman növlərinin tribunalarında yer tutur, bir tamaşa izləmək istəyirlər.

 

Tamaşanı isə aktyorlar göstərir.

 

Bugünə qədər idmançılar aktorlar idi, indi isə cəmiyyət onlardan məhz aktyor olmağı tələb edir. Ancaq hələ antik Olimpiya Oyunlarının ideyası rəqiblərdən güclü, dayanıqlı, sürətli olmasından ibarət idi.

 

Görünən odur ki, bunlar artıq ikinci, üçüncü, hətta daha çoxuncu plandadır.

 

Səbəblər göz önündədir: texnologiyanın inkişafı insanlara əyləncəni daha əlçatan edib, sayını çoxaldıb, yüzlərlə, minlərlə alternativ verib. Vaxtilə ortabab bir ölkənin futbol (basketbol və s.) çempionatının televiziya yayını tribunaya yeganə alternativ idisə, hazırda onlarla platforma üzərindən eyni zamanda 5, 10, hətta daha çox matçı eyni zamanda izləmək, yüzlərləsini (təbii ki, fiziki imkanlar çərçivəsində) diqqətdə saxlamaq imkanı yaranıb. İnsanların seçim şansı var. Seçim isə rəqabət yaradır. Amansız rəqabət.

 

Tribuna ilə televiziya, televiziya ilə internet arasındakı rəqabət.

 

Vaxtilə Olimpiada da inanılmaz bir idman bayramı idi. İnsanların atıcılıq, oxatma, güləş, ağırlıqqaldırma, cüdo, bədii və idman gimnastikası, üzgüçülük və başqa idman növlərini eyni zamanda, eyni pəncərədən izləməsi üçün yeganə imkan məhz bu idi ki, seçimsizlik milyonları, milyardları ekran qarşısına toplayırdı. Və elə bu səbəbdən də istənilən, başqa vaxt izləyəcəyiniz halda maraqsız görünəcək, bəlkə də yarısından durub gedəcəyiniz bir idman yarışı sizə maraqlı gəlir, son saniyəsinə qədər izləyirdik.

 

İndi durum fərqlidir. Olimpiadada məsələn, güləş yarışı televiziyada getdiyi zaman, məsələn, bir avstraliyalı bir toxunuşla qeyri-Olimpiya növlərindən məsələn, MMA döyüşünün yayınını, ya da videoyazısını youtube-da izləməyi üstün tuta bilər. Bu, bir seçimdir və heç kimi buna görə qınamaq olmaz. İdman insanlar, onların izləməsi üçündür. İzləyici yoxdursa, yarış da yoxdur, Olimpiada da yoxdur. Çünki izləyici sayı reytinqdir, izləyici bir müştəridir, reklam obyektidir. Reklamsız və sponsorlarsız isə Olimpiada möhtəşəm və kəhkəşanlı ola bilməz. Onminlərlə insanın iştirak etdiyi yarış ciddi maliyyə tələb edir və çəkilən xərclərin kompensasiyası olmadıqda, nəticələr acınacaqlı olur. Bunun ən yaxın və real nümunəsi 2004-cü il Afina Olimpiadasıdır. Yunanıstanın bir ölkə olaraq böyük bohrana düşməsinin əsas səbəblərindən birinin məhz bu olduğu da heç kimə sirr deyil.

 

Bu səbəbdən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) “bütün nəsil idman azarkeşləri üçün aktual” Olimpiya Oyunları təşkil etmək istəyinə ilk baxışdan normal yanaşmaq olar. Yarışları dünya üzrə orta hesabla 3 milyard (statista.com) nəfər izləyir ki, onların da böyük hissəsi yaşı çox olanlardır. Statistikaya görə, Oyunlar zamanı məsələn, ABŞ əhalisindən 65-74 yaşlı insanların 43 faizi, 55-64 yaşlıların isə 41 faizi televizor qarşısına keçirsə, məsələn, 18-24 yaşlı auditoriyanın cəmi 28 faizi Oyunlara baxır (digitalcenter.org). Yaşlı insanların daha çox izləyici olmasının səbəbləri barədə xeyli fikir yürütmək olar: klassik Olimpiya Oyunları düşüncəsinin hələ də davam etməsi və zatən bu qrupa aid olanların konservativ baxışları, yüksək texnologiyalara çıxış imkanlarının məhdudluğu, əksər hallarda isə onlardan yararlanma bacarıq və biliklərinin, hətta deyərdim həvəsinin olmaması və s. Ancaq fakt faktlığında qalır ki, gənc nəslin cəmi dörddə biri Olimpiya “müştəri”sidir və qalan dörddə üç hissə kənarda qalıb. Onların cəlbi Olimpiya hərəkatına böyük maddi təkan verə bilər. Bunun üçün isə həmin yaş qrupunun maraqlarını təmin edəcək kontent yaradılmalı, təqdim edilməli, əldə tutulmalıdır. Çünki vaxt ötdükcə bu nəsil yaşlanacaq və Olimpiya Oyunları izləmə adəti olmadığından geri dönmə, sadiq qalma prinsiplərinə riayət etməyəcək. Bu baxımdan BOK-un atdığı addımı aktual və yerində saymaq olar. Amma, ancaq və lakin...

 

Gənc nəslin arxasınca düşərkən, Olimpiadanın hazırkı, sadiq müştərisi, azarkeşi əldən gedə bilər. Çünki klassik idman izləyicisi üçün qrup bədii gimnastikası çirlidinqdən, idman gimnastikası breyk-dansdan, atçılıq it kirşəsindən daha ciddi idman növüdür, hətta deyərdim idmandır, o biriləri isə ümumiyyətlə başqa şeydir. Hazırda yaşı 30-dan yuxarı olan əksərimiz üçün də məhz belədir. Əksəriyyətimiz peşəkar idmanla həvəskar idmanın, gimnastika ilə rəqsin fərqini çox yaxşı bilir, müvafiq də münasibət bəsləyirik. İfrat əyləncəyəmeyllilik isə bizi idmandan, onu izləməkdən soyuda bilər.

 

Belədə idman idmandan uzaqlaşıb, tamaşaya, şouya yaxınlaşa, öz təməl mahiyyətini itirə bilər.

 

Bu isə, böyük təhlükədir. Maddiyatın aidiyyat üzərindəki total qələbə qazanması təhlükəsi gün keçdikcə artır.

 

Bəlkə də həyəcan təbili çalmaq üçün çox tezdir, amma təbil artıq ortadadır. Və ortaya gətirilmə səbəbi, əlbət ki, vardır.

 

Kənan Məstəliyev, “Rekord.az”

 

P.S: Bu, işin belə demək olarsa, üzdə olan tərəfidir.

Üzdə olmayan isə bu əyləncə davasının Olimpiadanı əslində bir “soyuq müharibə” alətinə çevirmək cəhdidir. Bəli, yanlış oxumadınız və çoxlarınız da bilirsiniz ki, Oyunlar artıq çoxdandır bir idman bayramından ziyadə, həm də bir dünya hegemonluğu, bir siyasət obyekti və subyektidir. Kiçik ölkələr kiçik, böyük ölkələr isə böyük miqyasda “oynayaraq” (son illərdə dünya idmanında baş verən qalmaqalların coğrafiya və istiqamətinə nəzər salmaq yetərlidirred.) idmandakı nəticələri xeyrinə yönəltməyə cəhd edir, çox hallarda da nail olurlar.

İzah? Ən sadə sualı verərək məsələyə izah verməyə çalışaq. Siyahıya əvvəlcə beyzbol, sonra kriket, ardınca qolf, ardınca reqbi, onların ardınca da indi sörfinq, skeytbordinq, breyk-dans, çirlidinq, it kirşəsi idmanı və başqaları əlavə olundu. Ağlınıza ilk olaraq nə gəlir? Bəli, bu növlərin heç biri Rusiya və Çində, yəni dünyanın uzun müddət idman hegemonu olmuş ölkələrdə populyar deyil, hətta bəzilərinin heç simvolik olaraq federasiyaları da yoxdur. Bu isə bu ölkələr üçün nəinki qızıl, ümumiyyətlə istənilən əyarda medalın qazanılması şansını minimuma endirir.

ABŞ və digər qərb və qərbyönlü ölkələrdə isə...

Vaxt tapıb müvafiq idman növləri üzrə son dünya çempionatlarının qalib və medalçı siyahısına nəzər yetirin. Hər şeyin çox aşkar olduğunu görəcəksiniz.

Bəli, işin əyləncə tərəfi də olmalıdır. Ancaq niyə bu əyləncə idman növləri elə qərbdən götürülür? Postsovet məkanında, Uzaq şərqdə, Afrikada belə növlər yoxdur? Var, təbii ki.

 

Sörfinq, skeytbordinq, bilyard,

breyk-dans, çirlidinq, it kirşəsi idmanı...

 

Bundan sonrası nədir?

 

Rodeo?