Bu gün UEFA Çempionlar Liqasının ilk dəfə olaraq 36 komandanın iştirakı ilə keçiriləcək Liqa mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə edilib.

Müvafiq olaraq, püşkdə klublar əl ilə çəkilib, daha sonra kompüter nəzarəti ələ alıb və komandaların 8 rəqibini seçib.

Püşkü əfsanəvi futbolçular Canluici Buffon və Kristiano Ronaldo çəkiblər.

36 komandaların hər birinin rəqibi hər səbətdən çıxan 2 komanda olub. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.

İlk oyunlara sentyabrın 17-19-da start veriləcək. Liqa mərhələsinin son matçları isə 2025-ci il yanvarın 29-da olacaq. Oyunların dəqiq təqvimi isə avqustun 31-də açıqlanacaq.