Corc Vea – futboldan prezidentliyə uzanan yol YAZI + FOTOLAR
- 26 Mar 2020 11:00
- 1038
Corc Manne Opponq Ausman Vea və ya dünyanın Corc Vea kimi tanıdığı 44 yaşlı futbol ustası Liberiya ilə yanaşı, bütün Afrikanın qüruru, fəxridi. O bu zirvəyə tək güclü futbolçu olması ilıə deyiol, eyni zamanda yüksək insani keyfiyyətləri sayəsində çatıb. Futbolçu dövründə gözəl oyunu və vurduğu qolları ilə azarkeşlərin rəğbətini qazanan Vea karyerasını başa vurduqdan sonra da gözəl əməlləri ilə hamının böyük rəğbətini qazanmağı bacardı. Karyerası ərzində Liberiya, Kamerun, Fransa, İtaliya və İngiltərə klublarında oynamış Veanı tanımayan afrikalı qalmayıb. 1995-ci il onun karyerasının zirvə nöqtəsi idi. Avropa ona heyran qalmışdı və sanki "France footbal" jurnalı da məhz Veaya görə "Qızıl Top" sahibinin müəyyənləşdirilməsi qaydalarına dəyişikliklər etdi. Həmin dəyişikliklərə görə, Avropada oynayan, amma başqa qitələrdən olan futbolçulara da müsabiqəyə qatılmağa icazə verilmişdi. Veada həmin yenilikdən yararlanan ilk futbolçu oldu. Bundan başqa o, eyni ildə Avropa və Afrikada "İlin futbolçusu" tituluna layiq görülmüş ilk futbolçu oldu. "Pari Sen-Jermen" və "Milan"dan sonra Vea İngiltərəyə üz tutdu. "Zədəganlar" onu icarəyə götürsələr də, sonradan Veanın transferini "Milan"dan satın almadılar. Milanlılar da liberiyalı futbolçuya əsas heyətdə yer görmədiklərindən onunla vidalaşdılar.
Veanın şöhrəti tək futbol meydanı ilə məhdudlaşmayıb. Fransada "Mister Corc" adlanan futbolçu fəal xeyriyyə işləri ilə fransızlarla həmvətənlərinin sevgisini qazanıb. BMT-nin Uşaq Fondunun (UNİCEF) səfiri olan Vea Afrikadakı uşaqların həyatını yaxşılaşdırmağı qarşısına məqsəd qoydu. Daha sonra isə o, müharibələrdən acı çəkmiş uşaqlara yardım məqsədilə öz fondunu qurdu. "Onun Liberiya üçün etdiklərini sözlə dəyərləndirmək mümkün deyil. Burada hamı futbola az qala sitayiş edir. Çünki futbol millətimizi və vətəndaşlarımızı birləşdirən amillərdən biridi. Hətta silahlı münaqişələr zamanı düşmənlər matç zamanı silahı yerə qoyur, stadiona birlikdə gedirdilər", - Liberiyanın idman naziri Veatonia Dikson-Barns deyir. Vətəndaş müharibəsi Liberiyada 200 mindən artıq insanın ölümünə səbəb olmaqla yanaşı, 100 min insanı vətəndən qaçmağa vadar etdi. Belə ağır zamanlarda Vea həmişə ölkə yığmasının matçlarına qatılar, parlaq oyunu ilə insanlara yaxşı dönəmlərin gələcəyinə ümid verərdi.
Komandanın heyətində yeganə ulduz və parlaq ictimai fiqur olan Vea ilə həmvətənləri həmişə fəxr ediblər. Corc Vea sadəcə, yığmanın lideri deyildi. Komanda oyunlar və məşqlər üçün pul tapmayanda Corc millinin bütün xərclərini ödəyirdi. Liberiyalıların dediklərinə görə, Vea fövqəladə dərəcədə vicdanlı və şəfqətli insandı. Son 20 ildə Liberiyada belə siyasətçiləri az qala bir əlin barmaqları ilə saymaq olar. Ona görə də Liberiyada seçicilərin çoxluğunu təşkil edən gənclər arasında Vea həddən artıq populyar fiqurdu. Corcun məşhurluğu və populyarlığı ölkəni viran qoymuş rəhbərliyə qarşı açıq çıxış etməsindən sonra daha da artdı. 2003-cü ildə Liberiyada vətəndaş müharibəsi başa çatdı. "Mister Corc"un siyasətə qatılacağı barədə şayiələr isə Liberiya cəmiyyətində əsl tufan yaratdı. Veanın potensial rəqibləri deyirdilər ki, yetərli səviyyədə təhsilə malik olmayan adam ölkəni idarə edə bilməz. Corcun tərəfdarları isə buna cavab olaraq deyirdilər ki, "savadlı"lar Liberiyanı dağıdanda vicdan və şərəfinə kimsənin şübhə etmədiyi Vea ölkəyə yardım edən azsaylı adamlardan biri olub.
"Baxın, görün ki, bu "savadlı" və "ziyalı" adamlar ölkəmizi nə günə qoyub. İstənilən halda Corc bundan pisini etməyəcək", - Liberiyanın paytaxtı Monroviyanın sakinləri deyirdilər. 2005-ci ilin oktyabrında Liberiyada prezident seçkiləri keçirildi və karyerası dönəmində çox məşhur futbolçu olmuş Vea da namizədliyini irəli sürdü. "Seçkilər yalnız populyarlıq məsələsi deyil. Çox məşhurdum və o vaxtdan bəri insanlar mənə sayğı bəsləyirlər. Onlar mənə baxır, ümid görürlər. Və anlayıram ki, çox işlərdə dəyişikliklərə nail ola bilərəm", - vətənində qardaş qırğını, silahlı toqquşmalar və yoxsulluğa son qoymaq istəyən Vea deyirdi. Vea onu da söyləyirdi ki, siyasi fəaliyyətində futbol ona dəstək olacaq: "Əslən futbol meydanındanam, idmançıyam. İntizamlıyam və insan ləyaqətinə sayğım var. Ölkəni gəzərkən məni ən çox şoka salan məqam əyalətlərdəki insanların yaşam səviyyəsidi. Orada məhsul qıtdı, ərzağın bölüşdürülməsində böhran var. Göz yaşlarımı saxlaya bilmədim".
Əfsuslar olsun ki, Vea Liberiyadakı prezident seçkilərinin II turunda uduzdu. O, səslərin 41,2%-ni, sabiq futbolçunun əsas rəqibi, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının eksperti Ellen Conson-Sirlif isə 57,9%-ni yığdı. Sonucda Conson-Serlif Afrikanın tarixində ilk qadın prezident oldu. Vea isə dövlət başçısı titulunu əldə etməyə çox yaxın olsa da, dünyada prezident seçilən ilk futbolçuya çevrilə bilmədi. Dünyanın ən məşhur liberiyalısının seçkilərdə qələbə şansı çox olsa da, Harvard Universitetini bitirmiş Conson-Sirlifin siyasi təcrübəsi daha çoxdu. Bəlkə də Veanın yüksək səviyyəli təhsilinin yoxluğu liberiyalıların seçimində həlledici amil rolunu oynadı. Məhz bu səbəbdən də Corc doğma Liberiyanın prezidenti olmaq üçün yenidən təhsilə başlayıb. Seçkilərdə şansını artırmaq məqsədilə Vea təhsilin son ilində məktəbi tulladığına peşmançılığı bir kənara qoyaraq, 2007-ci ildə daxil olduğu Florida kollecində diplom almağa hazırlaşır. "Təhsil mərhələli, ardıcıl prosesdi. Sanki velosipeddi: pedalları fırlamasan hərəkət edə bilməzsən. İndi biznes idarəetmə və hüququ öyrənirəm. Bir qədər sonra politologiyanı öyrənməyə başlayacağam", - Vea deyir.
Bununla belə, Vae 2017-ci ildə istəyinə çatdı. O, qatıldığı növbəti seçkilərdə xalqın etimadını qazanaraq Liberiyanın prezidenti seçildi.
Corc Vea
Doğum tarixi-1 oktyabr 1966.
Doğum yeri-Monroviya, Liberiya
Vətəndaşlığı-Liberiya, Fransa
Boyu-185
Çəkisi-82 kq
Karyerası:
1981-84-“Yan Syurvayvers Klareton” (Liberiya) (10 oyun, 7 qol)
19984-85-“Bonqrendj Kompani” (Liberiya) (23 oyun, 24 qol)
1985-86-“Mayti Baroll” (Liberiya) (rəsmi oyunlarda meydançaya çıxmayıb)
1986-87-“İnvinsibl Eleven” (Liberiya) (18 oyun, 14 qol)
1987-“Afrika Sports” (Kot D”İvar) (103 oyun, 47 qol)
1987-88-“Tonner” (Kamerun) (96 oyun, 32 qol)
1988-92-“Monamo” (Fransa) (103 oyun, 47 qol)
1992-95-PSJ (Fransa) (96 oyun, 32 qol)
1995-99-“Milan” (İtaliya) (114 oyun, 46 qol)
1999-2000-“Çelsi”, “Mançester Siti” (İngiltərə) (11 oyun, 4 qol)
2000-01-“Marsel” (Fransa) (19 oyun, 5 qol)
2001-03-“Əl Cəzirə” (Qətər) (8 oyun, 13 qol)
Milli karyerası:
1988-2007-(60 oyun, 22 qol)
Naliyyətləri:
Liberiya çempionu-1985/86, 1986/87
Fransa çempionu-1993/94
İtaliya çempionu-1995/96, 1998/99
Liberiya kuboku-1986
Fransa kuboku-1991, 1993, 1995
Fransa Liqa kuboku-1995
İngiltərə kuboku-1997
Şəxsi naliyyətləri:
Qızıl topun qalibi-1995
Avropanın ən yaxşı futbolçusu-1995
FİFA tərəfindən ilin futbolçusu seçildi-1995
Afrikada ilin futbolçusu-1989, 1994, 1995
Çempionlar Liqasının bombardiri-1994/95 (7 qol)
FİFA-nin “dünyada ən güclü 100 futbolçu” siyahısına salınıb.