İdman jurnalisti, PFL-in Media və Marketinq şöbəsinin rəhbəri Sənan Abdullayev öz feysbuk profilində cüdoçularımızın son dünya çempionatındakı uğurlu çıxışı barədə status paylaşıb. Onu sizə təqdim edirik:

 

"Cüdo üzrə dünya çempionatında 2 qızıl medal alqışı haqq edir. Dünya çempionatları mənə görə olimpiadadan da üstün və ağır yarışdır. İndiyə kimi yalnız bir qızılımızın olması da bunun sübutu idi əslində. 

 

Bəs Hidayətlə Zelimi (federasiyanı) dünya çempionluğuna aparan yol haradan başladı? Bir az uzun olacaq amma cüdoya sevgim bəlli olduğundan gördüyüm detallarla paylaşmaq istəyirəm. 

 

Fevral ayında federasiyanın baş katibi Rəşad Rəsullu prosport.az, ardından da idman.biz saytlarına müsahibələrində şəxsən mənim üçün nöqtə sevindirici məqama toxunmuşdu. Amma sanki deyildi-keçdi effekti verdi ki, buna görə də heç bir jurnalisti qınamaq olmaz. Çünki Rəsullunun özü belə etiraf edir ki, vəzifəsi tələbi işin içinə girdikdən sonra çox ciddi problemi görüblər. Mənim bəxtimdən isə əvvəl kimanonun, sonra isə jurnalistikanın içində olmuşdum. 

Rəşad Rəsullunun həmin açıqlamasını göstərim, sonra görünməyən tərəfini deyim: 

 

"Bizdə digər idman növlərində də səhv yanaşma var, idmançılara çəki saldırırlar. Zatən böyüklərə gələndə minimum çəki dərəcəsi 60 kq olur, niyə çəkini aşağı salırsınız ki?! Məsələn, ötən il 66 kq çəki dərəcəsində Azərbaycan çempionatının qalibi heç bir beynəlxalq yarışa gedə bilmədi. Çünki yarışdan sonra çəkisi 2 ayın içərisində 73 kq-a, hətta 81-ə kimi qalxdı. Həmin çəkidə də başqa uşaqlar var və onlarla rəqabət apara bilmir. Biz ona çəkisini 66 kq-a salmağa icazə vermədik. Yaxşı olar ki, hazırlaşıb 73 kq-da mübarizə aparsın. Çəkini aşağı saldırmaq lazım deyil. Biz federasiya olaraq buna nəzarət edirik. Çəkisi aşağı salınan uşaqlar heç bir yarışa getməyəcək, şəxsi məşqçilərə bu barədə bildirmişik. Çünki 55 kq-da zəif olan idmançıların 50 kq-da qalib gəlmək imkanı olur, ona görə belə edirlər. Sonra bu uşaqlar böyüklərə keçəndə "yanır". 

 

Rəsullunun dedikləri özünün də qeydi kimi bütün təkmübarizlik idman növlərimizdə var və haqlıdır! Burada federasiya rəsmisi olaraq deyilə bilən budur. Ölkənin istənilən idmançısı kimi, məşqçisi də nəticə vermək istəyir. Belədə birləşərək ciddi şəkildə ilk növbədə çəkisalmaya gedilir. Bu isə nəinki həmin idmançının normal fiziki inkişafına, eyni zamanda məğlub etdiyi idmançıların gələcək karyerasına, bəzi anlarda isə həyat yoluna təsir edir. Belədə federasiya rəsmisinin qeyd etdiyi kimi Azərbaycan cüdosu qarşıdakı zamanda idmançılar itirir. 

Deyilə bilməyən digər bir bəla isə “lipa” məsələsi idi. Mən güləşdiyim dövrlərdə xüsusən yeniyetmələr arasında bu var idi. İndi olub-olmadığını deyə bilmərəm, amma əminəm ki cəhd edənlər az deyil. Üstəlik, bunu edənlər əsasən tələbəsi çəki salanlar idi. Çünki orqanizmi formalaşmış idmançılar çəkisalmadan az sonra “kişiləşmiş” bədən ölçülərini yeniyetmələrdən daha tez bərpa edirdilər və belədə qarşılaşma yeniyetmə - kişi mübarizəsinə çevrilirdi. Xüsusi istedadlar istisna olmaqla həmişə yaşca böyük olanlar qalib gəlirdi. Bu problem aradan qaldırılsa, yuxarı çəkilərdə rəqabət inanılmaz yüksələcək. Nəticəsi isə Zelimin sonuncu çempion olmamasına gətirəcək. 

 

Bu görünməyən tərəflərdən ən ağırı idi. Çempionluğa aparan görünən yollar isə əslində arxasında çox planlama gizlədir. 

 

Birincisi hər şey kimi görünən, amma əslində əvvəlki dövrlərdə də hər şey olmadığını sübut edən böyük maliyyə dayaqları. Yəni dayaqların olması ilə onların doğru yönləndirilməsi arasında fərq var. 

 

Bir komandanın – ölkənin təkmübarizlik idman növlərində dünya çempionu verməsi üçün federasiya ilə münasibətləri yumşaq desəm üst səviyyədə olmalıdır. Bu, pul verdim-aldım demək deyil. Bura imkan varsa, ilk növbədə sponsor anlaşması daxildir. İkincisi qarşılıqlı mütəxəssis paylaşımlarıdır. Ardıcıllıqda müxtəlif tədbirlərə ev sahibliyidir. Ən əsas nüanslardan biri hakimlərin beynəlxalq səviyyədə yüksəlişidir. Bunların isə hamısını hal-hazırda etmişik. 

 

Ən yaralı yerlərdən biri elə hakimlikdir. Ölkənin ən üst səviyyədə hakimi olduğu zaman, oradakı ədalət təmsilçiləri öz ölkələri üçün paylarını götürürlər. Məsələn, mənə görə Hidayətin çempionluq görüşündəki rəqibə “vazari” verilən epizod hər nə qədər açıq-aşkar “vazari” görünsə də, Azərbaycanın gücü hiss edilməsəydi, çox da uzadılmaz, idmançımız uduzdurulardı. Eyni vəziyyət Zelimin son dəqiqəyarımına aiddir. İstəmək rahatlığını özlərində duysaydılar, çoxdan qızılın yönünü dəyişmişdilər. Amma atılan addımlar ehtiyatlı olmağa sövq edir.  

 

Bir sözlə Azərbaycan Cüdo Federasiyası əlindəki kartlara güvənərək ağıllı oynadı. Hidayət önə verilərək Zelim də üstünə gəldi. Doğrusu da bu idi. Bugünkü durumla çox açıq, ancaq real gedişlə oynanıldı. Qarşıdan olimpiada gəlir. Elə bu cür də davam edilməlidir. Hamıya güvənib, amma medala real baxılmalıdır. Heyətin hər bir üzvünə təbrik düşür".