Qazaxıstana beynəlxalq yarışa yollanan və Atırau-Həştərxan avtomobil yolunda donma təhlükəsi ilə qarşılaşan Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandasının Azərbaycan Cüdo Federasiyasına (ACF) aidiyyatı yoxdur.

 

Rekord.az xəbər verir ki, məsələ ilə bağlı sportinfo.az saytına açıqlama verən federasiyanın baş katibinin müavini Elnur Əşrəfoğlu xarab olub yolda qalmış avtomobilin və içindəki sərnişinlərin (16 idmançı, 3 məşqçi) ACF-yə aid olmadığını deyib.

 

"Azərbaycan Cüdo Federasiyası Qazaxıstana nə yeniyetmə, nə gənc, nə də uşaqlardan ibarət komanda göndərib. Bu, elə də böyük miqyaslı yarış deyil. Görünür, turniri hansısa məktəb, ya klub keçirir və Azərbaycandan da fərdi qaydada idman klubunu, yaxud məktəbi dəvət ediblər. Qazaxıstan tərəfi məlumatı yayıb, amma dolğun informasiya verməyiblər. Həqiqətənmi Bakıdan oraya avtobus gedib, yolda qalıb, donub? Biz özümüz də əlaqə saxlamışıq ki, görək, oraya gedənlər kimdir. O yarışın bizim federasiyaya heç bir aidiyyatı yoxdur. Buna baxmayaraq, sorğu göndərmişik ki, görək, oraya gedən kimlərdir. Turnirlə bağlı yazılır ki, Atırauda keçiriləcək. Ancaq məlumatlara baxanda görürük ki, orada sonuncu dəfə 2017-ci ildə yalnız Özbəkistan və Qazaxıstan idmançılarının iştirakı ilə yarış təşkil olunub, vəssalam. Federasiya olaraq cüdo klublarına, məşqçilərə tövsiyəmiz budur ki, belə yarışlara dəvət alanda bizi də məlumatlandırsınlar. Sonradan hansısa fors-major hadisə yaşananda da kömək edə bilək".