Xaçmaz Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş cüdo idman növü üzrə Xaçmaz rayon açıq birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışın açılış mərasimində ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Açılış mərasimində çıxış edən Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Azad Şeydayev və Azərbaycan Cüdo Federasiyasının region üzrə baş məşqçisi İqrar İsmayılov iştirakçıları salamlayaraq hər bir idmançıya uğurlar arzuladılar. Açılış mərasiminin bədii hissəsində Xaçmaz uşaq yaradıcılıq mərkəzinin rəqs qrupunun çıxışları maraqla qarşılandı.

Sonra cüdo federasiyası tərəfindən təyin olunmuş Beynəlxalq dərəcəli hakim Arzu Acalovanın və Respublika dərəcəli hakim Nəsimi Əhmədovun idarə etdikləri yarışa start verildi. Respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 90-dan yuxarı idmançının qatıldığı yarışmanı 200 nəfərə yaxın azarkeş izləmişdir.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olundular.