Cüdoçularımız dünya çempionatında 2-ci yeri tutdu
- 08 Okt 2023 17:21
- 390
Azərbaycan cüdoçuları Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatının fərdi yarışlarında 1 qızıl və 2 gümüş medal qazanıb, 3 cüdoçumuz isə sıralamada 5-ci yerdə qərarlaşıb.
Rekord.az xəbər verir ki, fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və oğlanlar arasında 2-ci yeri tutub.
Yarışda Azərbaycan 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunub.
Dünya çempionatının fərdi yarışlarının ilk günündə oğlanlar arasında -60 kq. çəkidə Nizami İmranov final görüşündə yaponiyalı idmançı Yamato Fukuda ilə güclərini sınayıb. Nəticədə Nizami yarışın gümüş medalını əldə edib. Qızlar arasında -48 kq. çəki dərəcəsində Könül Əliyeva yarışı 5-ci yerdə tatamlayıb.
Çempionatının ikinci günündə -73 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Vüsal Qələndərzadə yarışın qızıl medalına sahib olub. Final qarşılaşmasında Vüsal müstəsna bacarıq və əzmkarlıq nümayiş etdirərək, əlavə vaxtda "seoi-otoshi" fəndi ilə Amerika Birləşmiş Ştatları təmsilçisi Cek Yonezuka üzərində parlaq qələbə qazanaraq dünya çempionu titulunu əldə edib.
Yarışın üçüncü günündə oğlanlar arasında -90 kq. çəkidə Vüqar Talıbov final görüşündə yaponiyalı idmançı Komey Kavabata ilə güclərini sınayıb. Nəticədə Vüqar yarışın gümüş medalını əldə edib. -81 kq. çəki dərəcəsində Ömər Rəcəbli 5-ci yerlə kifayətlənib.
Fərdi yarışların sonuncu günündə isə oğlanlar arasında +100 kq. çəkidə Ramazan Əhmədov 5-ci yerə çıxıb.