Cüdoçularımız Yaponiya və Çexiyada hazırlaşır
- 16 Mar 2023 10:44
- 380
Cüdo üzrə Azərbaycan yığmaları martın 13-dən etibarən Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Çexiyanın Nymburk şəhərində keçirilən Olimpiya təlim düşərgəsində iştirak edir.
Rekord.az xəbər verir ki, təlim-məşq toplanışına 43 ölkədən 488 idmançı qatılıb.
Hazırlıq prosesində Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandasının 17 üzvü, qadınlardan ibarət milli komandasının isə 10 üzvü iştirak edir. Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edir.
Martın 18-də başa çatacaq təlim-məşq toplanışı may ayında Qətərin paytaxtı Dohada baş tutacaq Dünya çempionatına, həmçinin qarşıdan gələn iri miqyaslı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri isə martın 12-dən etibarən Yaponiyada Kokuşikan Universitetində cüdo təlim düşərgəsində iştirak edir. Təlim-məşq toplanışında Nizami İmranov, Nurlan Kərimli, Samir Piriyev, Ömər Rəcəbli, Vüqar Talıbov, İsmayıl Zamanov, İslam Rəhimov və Kənan Nəsibov iştirak edir. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir. Hazırlıq prosesi martın 18-nə qədər davam edəcək.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına uzunmüddətli hazırlığın bir hissəsidir.
Cüdo üzrə gənclərdən ibarət milli komandanın üzvləri fevralın 28-dən martın 11-nə qədər Yaponiyada Tsukaba Universitetində də cüdo təlim düşərgəsində iştirak edib.