Cüdoda yeni qaydalar tətbiq olunacaq
- 21 Yan 2022 19:45
- 646
Beynəlxalq Cüdo Federasiyası (BCF) növbəti olimpiya dövrü (2022-2024) üçün cüdo idman növü üzrə yeni qaydalar tətbiq edib.
Rekord.az xəbər verir ki, yeni yarış qaydalarına əsasən, bəzi əks fəndlərdə qiymətləndirmə olmayacaq və bir sıra hallarda cüdoçular kəmərdən aşağı tutmalardan da istifadə edə biləcəklər. Eyni zamanda bəzi fəndləri əks tərəfə tətbiq etdikdə qiymətləndirilməyəcək.
İdmançıları qorumaq məqsədi ilə yarış zamanı qanaxma zədəsi iki dəfə həkimin göstərişi ilə müayinə edilə bilər. Həkimin eyni yerdən qanaxmaya müdaxiləsinə yenidən ehtiyac yaranarsa, hakim rəqibi qalib elan edəcək.
Bundan əlavə kəmərin və saçın düzəldilməsinə bir dəfə icazə verilir, ikinci dəfə bu hal icazəsiz təkrar olunursa, bu hərəkət şido (xəbərdarlıq) ilə cəzalandırılacaq.
Eləcə də, cüdoqi (cüdoçunun yarış paltarı) qaydalara uyğun olmazsa, idmançı yarışdan kənarlaşdırılacaq.
Qeyd edək ki, böyüklər arasında dünya çempionatında iştirak üçün idmançı böyüklər arasında reytinq cədvəlində ilk 100-lükdə olmalıdır. Eyni zamanda, gənc idmançılar arasında ilk 16-lıqda olan atletlər də böyüklər arasında dünya çempionatına buraxılacaqlar. İndiyə qədər belə bir məhdudiyyət yox idi.
2024-cü il üçün Olimpiya Oyunlarının təsnifat mərhələsi 2022-ci il iyunun 24-də başlayacaq və 23 iyun 2024-cü ildə başa çatacaq. Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün dünya reytinq sıralamasında ilk 17-likdə yer almaq lazım olacaq. İlk 17-likdə eyni ölkədən iki idmançı yer alarsa, onlardan Olimpiya Oyunlarında yalnız biri iştirak edə bilər və bu zaman sıralamaya uyğun olaraq, ilk 17-likdə təmsilçisi olmayan və reytinqdə növbəti ən yüksək yerdə olan ölkənin idmançısı lisenziya əldə edəcək. Bundan başqa, qitələrə müvafiq kvotalar da ayrılacaq və idmançı bu kvotalar üzrə də Olimpiya Oyunlarına lisenziya əldə edə bilər.
Yeni yarış və idman qaydaları 28-30 yanvar 2022-ci ildə keçiriləcək Portuqaliya qran-prisindən etibarən tətbiq edilməyə başlanacaq.
Azərbaycan Cüdo Federasiyası BCF-in tətbiq etdiyi son dəyişikliklər barədə hakimlər heyəti, milli yığmanın məqşçiləri və idmançıları, həmçinin klub, cəmiyyət və müxtəlif idman təşkilatlarının cüdo üzrə məşqçiləri və mütəxəssisləri üçün növbəti həftədən etibarən beynəlxalq və daxili seminarlar təşkil edəcək, həmçinin izahedici video və çap materialları da hazırlanacaq.
Yeni qaydalar daxili yarışlarda 2022-ci ilin mart ayından etibarən tətbiq edilməyə başlanacaq.