Cüdomuzun sürət qatarı
- 14 Apr 2022 14:52
- 1337
Azərbaycan cüdosu ilk dəfə 2015-ci ildə əl dəyişəndə aydın və dərhal göründü ki, burada planlama yoxdur. Hədəf var və bütün yollar keçərlidir. Rövnəq Abdullayev-Sadıq Sadıqov duetinin hədəfi Olimpiadada medal qazanmaq idi. Bunun üçün böyük maliyyə və idarəçilərdən qorxu seçildi. Nə qədər qəribə səslənsə də, ikisinə də ehtiyac var idi və işə yaracaqdı. Yaradı da. Amma bu sürətdə bir məqam unudula bilərdi və elə də oldu.
Böyük pullar və xərclənən keçmiş
Rəhbərlik təyin olunandan dərhal sonra Beynəlxalq Cüdo Federasiyası ilə SOCAR arasında sponsorluq müqaviləsi imzalandı. Cüdoçuların maaşı yüksəldildi. Veteranlar müxtəlif adlar altında postlara yerləşdirildi və maaş təyin edildi. Üstəlik, yeni rəhbərliyin nüfuz-qorxusu da sözünü dedi. Yekunda sakitçilik çökdü. Amma bunun fırtına öncəsi sakitlik olduğunu "Rekord.az" ilk gündən yazmışdı. Proqnozlarımızı yersiz tənqid adlandıranlar üçün tufan bir az gec gəldi, amma elə gəldi ki, özlərini belə apardı.
Rio Olimpiadasındakı uğur və sonsuzluğa yürüş
Xüsusən beynəlxalq sponsorluq müqavilələrində ölkədə cüdonun inkişafına dəstək adı altında əcnəbi hakimlərin, məşqçilərin göndərilməsi, təlim-məşq toplanışlarının, yarışların keçirilməsi ilə yanaşı gizli də olsa, hakimlikdə dəstək də nəzərdə tutulur. İlk vaxtlar və xüsusən də ilk olimpiadada bunun barını 2 gümüşlə yedik. Həzzin bitməməsi üçün beynəlxalq federasiyadan daha bir məşqçi də gətirdik (bunu mən yox, Olimpiya çempionumuz Nazim Hüseynov deyirdi). Amma unuduldu ki, bizi daşıyan maşının təkərləri köhnəlib, keçəlləşir. Əvvəlcə Elxan Məmmədov karyerasını bitirdi. Ardından Elmar Qasımov didərgin salındı. Yanlış strategiya Hidayət Heydərovu sıradan çıxardı. Nəhayətində Rio qəzası yaşandı. Elə bir qəza ki, itkiləri indi ancaq anlaya bilirik.
Ölkə başçısının qəzəbi
Dəfələrlə demişəm ki, ölkə başçısının 1997-ci ildən etibarən Milli Olimpiya Komitəsinin prezidenti kimi birbaşa idmanın içində olması idmançılar üçün xoşbəxtliklə yanaşı ciddi bir dərk ediləsi məqamdır. Amma görünür, hələ də buna səthi yanaşanlar var imiş. Elə bu ay Macarıstanın Budapeşt şəhərində keçirilən güləş üzrə Avropa çempionatında 1-ci olan güləşçiləri qəbul edən prezident 3 qat dünya çempionu Hacı Əliyevlə söhbətində idman ictimaiyyətinin pafosla danışmağı sevən üzvlərinə bu sahədən nə qədər anlayışlı olduğunu çılpaqlığı ilə göstərdi. Ölkə başçısı bildirdi ki, dünya çempionatları hər il keçirilsə də, bilir ki, olimpiadalardan da çətin olur. Amma bunu ozamankı rəhbərlik görə bilmədi. Dünya çempionları yetişdirmək əvəzinə yenə olimpiya medalı dalınca qaçdılar. Yekunda isə məğlubiyyətə və qəzəbə tuş gəldilər. Qocalar tükəndi, gənclər isə yox səviyyəsində idi.
Rəşad Nəbiyevdən sistem tələbi
"Haradasa 14-15 yaşına kimi cüdo ilə məşğul olmuşam". Bu, Rəşad Nəbiyevin Azərbaycan Cüdo Federasiyasının prezidenti kimi ilk açıqlamalarındandır. Əvvəllər də nazirlərin təyinatında məqsəd tapşırılan idman növünün texniki deyil, idarəetmə tərəfi güdülürdü. Kimsə məsələn, Fazil Məmmədovdan güləşməyi, Kəmaləddin Heydərovdan yumruq döyüşdürməyi tələb etmirdi. Sadəcə idarə etmək lazım idi. Sonrakı reallıq göstərdi ki, o rəhbərliklərdə idarəedici pul idi. Məhz bu üzdən ən sadə yol - legioner ağalığı seçildi. Ölkə başçısı da bunu açıq dedi. Nəticədə yeni nazirlər, amma eyni-fərqli tapşırıqlarla gəldilər. Əsas tələb isə federasiyaları sistemə salmaq idi.
Açıq görünür ki, Rəşad Nəbiyev prezidentin güvəndiyi kadrlardandır. Məhz bu səbəbdən ən ağır, ən çox iş tələb olunan federasiyalardan biri ona etibar edildi.
Susdurucu sənədlər
Rəşad Nəbiyevin komandasında ilk başda elə azdan-çoxdan bu sahədən başı çıxan birinin elə özü olduğu görüntüsü vardı. Amma buna baxmayaraq, ideala yaxın başladılar. Hərbə-zorba dövrünü sənəd, savad dövrü əvəzlədi. Səsini çıxarmaq istəyənlərə artıq yumruq yox, imtahanlar, sənədlər, əcnəbilərin tələbləri göstərilir. Artıq elə bir sistem tətbiq olunub ki, çox danışanların belə ağız açmağa vaxtı qalmır. Federasiya elə bir sürət yığıb ki, kənardan zövqlə yanaşı bir qorxu, şübhə də yaranır.
Planlı şəkildə gətirilmiş əcnəbi baş məşqçi, performans direktoru, məşqçilər üçün tələb olunan kateqoriyalar, ard-arda təlim-məşq toplanışları, nəinki 1-2, hətta 3-4 "nömrələr", gənclər üçün hər cür şərait, beynəlxalq turnirlər. Necə deyərlər, sezarın haqqını sezara vermək lazımdır.
"Qəza təhlükələri"
Bakı-Gəncə sürət qatarı xəttə buraxılanda adına sürət qatarı deyilsə də, ümumilikdə 4 saat yarıma ünvana çatması birmənalı qarşılanmamışdı. Hətta həmkarlarım araşdırma edərək sürətin çox geri qaldığını isbatlamışdılar. İsbatlama sürətə görə olsa da, əsl səbəb unudulmuşdu: Qatar o qatardı, yol o yol deyil. Bakıdan Gəncəyə gedən yolda o sürət təbiq olunsa, faciə qaçılmazdı. Çünki relslər bərbaddır.
İndi cüdo federasiyası da sürət qatarı kimidir. İlk gündən sürət veriblər. Amma məşqçi təyinatlarından hələ də gələn "tapşırıq iyi", ev mükafatları zamanı yanlış təqdimat mesajı ilə şəxsi fikrimə görə İrina Kindzerskanın haqlı etirazı göstərdi ki, yol o yol deyil. Cüdo federasiyası relsləri də düzəltməlidir. Yoxsa itkilər olacaq. Medallardan tutmuş nüfuzadək.
Sənan Abdullayev