“Qarşıda çox çətin oyunlar olacaq. Əvvəlcə sabahkı matç, sonra Azərbaycandakı”.

Rekord.az xəbər verir ki, bu sözləri Serbiyanın “Çukariçki” klubunun kapitanı Marko Doçiç Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Symqayıt"la sabahkı oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

O, meydana çıxmasını səbirsizliklə gözlədiyini qeyd edib: “Rəqib çox intizamlı komandadır. Arxa xətdə 5 oyunçu ilə təşkilatlanmış müdafiəyə malikdir. Əks-hücumlarda çox sürətli və təhlükəli futbolçuları var. Səbirsizliklə meydana çıxmağımızı gözləyirəm. Bizə azarkeşlərin dəstəyi lazımdır. Ona görə fanatları matça çağırıram ki, bizə dəstək olsunlar".

29 yaşlı yarımmüdafiəçi rəqibi yaxşı təhlil etdiklərini bildirib: “Ümid edirəm ki, tarixi uğura imza atıb 3-cü tura yüksələcəyik. Bu klubun yeni tarixində ən böyük uğurlardan biri olar. Hesab edirəm ki, ilk oyunu evdə keçirmək üstünlükdür. Müsbət nəticə qazansaq, səfərdə işimiz yüngül olacaq. Klubda hər kəs fərdi qaydada rəqib barədə məlumat toplamağa çalışırdı. Azərbaycanda çalışan və ya ora ilə bağlılığı olmuş hər məşqçi və oyunçu ilə əlaqə saxlamışıq. Məhz onlardan öyrəndiklərimiz üzərində çalışmışıq”.