![photo](https://www.rekord.az/storage/uploads/4/curet3.jpg)
"Cürət" I Liqada oynamağı hədəfləyib
- 05 Avq 2023 11:00
- 1801
Bir müddət bundan əvvəl yeni yaranan "Cürət" Futbol Klubu haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, Corat kəndini təmsil edən bu komandada baş verən son yeniliklərlə bağlı yenidən məlumat almaq istədik və üz tutduq klubun yaradıcısı, həmçinin baş məşqçisi Məhəmmədəli Qəniyevə.
Qəniyev saytımıza açıqlamasında hər şeyin qaydasında olduğunu bildirdi: "Komanda fəaliyyətini davam etdirir, hər şey qaydasındadır. Hazırda yay olduğu üçün məşqləri daha çox dəniz kənarında keçiririk, eyni zamanda Sumqayıt Olimpiya Kompleksinin meydançasında yoldşlıq görüşlərində də qüvvəmizi sınayırıq. Əksəriyyəti cavan futbolçulardı. Məşq və oyunlarımızı "Kapital Bank Arena"da keçirmək üçün "Azərikimya" şirkətinə məktub yazmışıq, sadəcə, orada rəhbərlik dəyişdiyi üçün məktubumuzun cavabı yubanır, amma ümid edirik ki, cavab müsbət olacaq. Belə amma sağ olsunlar, bizə dəstək olan insanlar var. Corat bələdiyyəsini qeyd edərdim, cümə məscidinin axundu, kənd soveti də dəstək olur, polis idarəsinin rəisi sağ olsun, komandanın nəqliyyat məsələsinə kömək edir, "Sumqayıt" klubu hər zamankı kimi, məşqləri "Kapital Bank Arena"da keçmək üçün bacardığı köməyi edir, AFFA həmçinin, sağ olsun, forma, top məsələsində köməkliyini əsirgəmir. Açığını deyim, bu il I Diviziona üçün müraciət etmək istəyirdik, lakin müraciət üçün gecikdik. Həm də Mehdi Hüseynzadı adına stadionun açılışı yubandığı üçün Sumqayıtda stadion problemi də var. "Kapital Bank Arena"da çox yüklənir. II Liqada da hər şey anidən oldu, təcili liqa yaradıldı, komandalar müəyyən edildi, ora da gecikdik. Ona görə yeni mövsümdə "Region Liqası"nda oynamağı düşünürük. Gələn mövsüm çalışacayıq II liqada çıxış edək. Biz tək Corat qəsəbəsini yox, həm də Sumqayıt şəhərini təmsil edirik. "Sumqayıt"dan sonra şəhərin ikinci komandası sayılırıq.Gələcəkdə hədəfimiz I liqada oynamaqdı. Bunun üçün heyət də güclənəcək, təcrübəli futbolçular da götürəcəyik. Bu arada deyim ki, komandamız yeni olsa da "Sumqayıt" Futbol Akademiyasına 10 nəfərdən çox futbolçu vermişik. Bundan sonra da fəaliyyətimizi bu yöndə davam etdirəcəyik. Məlumat üçün deyim ki, "Sumqayıt" klubu Zakir Mahmudovu da kömək kimi bizim komandaya göndərmişdi, o da bizə kömək edirdi, lakin təəssüf ki, sonradan xəstələndi, həmin xəstəlik nəticəsində bu yaxınlarda dünyasını dəyişdi. Fürsətdən istifadə edib onun ailəsinə, yaxınlarına da başsağlığı verirəm. Yəqin ki. onun yerinə də bir məşqçi ilə anlaşacayıq. Fəlsəfəmiz də hücum futboludur. İnanıram ki, bizə olan dəstək bundan sonra da davam edəcək. Bildiyiniz kimi, Milli Qəhrəmanımız Cəbrayıl Dövlətzadənin adını daşıyan futbol akademiyası açmaq planımız da var idi və o plan da qüvvədə qalır, bu yöndə də işlərimiz davam edir".