“Cütün taleyi rəqib meydanında həll olunacaq” – Rəşad Sadıqov
- 24 İyl 2024 19:20
- 156
“Zirə” sabah Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Slovakiyanın “Dunayska Streda” klub ilə qarşılaşacaq.
Rekord.az xəbər verir ki, bu gün Bakı klubunun baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
Sadıqov sabahkı matçda yaxşı komandaya qarşı mübarizə aparacaqlarını bildirib. 42 yaşlı mütəxəssis matçın gərgin idman mübarizəsi şəraitində keçəcəyini söyləyib:
“Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Düşünürəm ki, azarkeşləri maraqlı oyun gözləyir. Çalışacağıq ki, ilk matçdan sərfəli nəticə ilə ayrılaq. Qarşılaşmanın taleyi rəqib meydanında həll olunacaq. İnşallah ki, ilk matç istədiyimiz kimi alınar. Rəqibin baş məşqisi ispaniyalı mütəxəssisdir. Çalışacaqlar ki, daim pressinq etsinlər. Daha çox öz komandamız barəsində düşünürəm".
Sadıqov Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Şerif"lə (Moldova) keçirilən matçda qırmızı vərəqə alaraq meydandan qovulan Salifu Sumanın komandanı çətin vəziyyətdə qoyduğunu bildirib:
"Şerif"lə matç artıq arxada qalıb. Lakin Suma tək meydanda olan futbolçulara qarşı yox, özünə qarşı da yanlış hərəkət etmiş oldu. Düşünürəm ki, onun gələcək karyerası sual altına düşüb. "Zirə"də onu güclü cəza gözləmir. Çünki mən futbolçularımı cəzalandırmağı sevən məşqçi deyiləm. Yəqin ki, komanda olaraq bizi cərimə gözləyir. Mən öz futbolçumu cəzalandırsam da, nəticə dəyişməyəcək. O, bizi meydanda çətin vəziyyətdə qoydu".
Qeyd edək ki, "Zirə" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Şerif"ə məğlub olaraq, mübarizəni Konfrans Liqasında davam etdirmək haqqı qazanıb.
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində baş tutacaq "Zirə" – "Dunayska Streda" görüşü iyulun 25-də, saat 20:30-da “Dalğa Arena”da start götürəcək.