“Neftçi”nin keçmiş hücumçusu Baqali Dabo Stiven Monrozu “Apollon”a təklif edib.

 

Rekord.az xəbər verir ki, fransalı hücumçu Azərbaycanda həm “Qəbələ”də, həm də “Neftçi”də çiyin-çiyinə çıxış etdiyi həmyerlisini hazırda formasını geyindiyi Cənubi Kipr klubuna məsləhət görüb.

O, dostunu razı salmaq üçün hətta vasitəçi olmağı öz üzərinə götürüb.

Bu, Dabonun ikinci təşəbbüsüdür. Fransız bir müddət öncə Emin Mahmudovun “Apollon”a keçidinə çalışmış, tərəflər arasında bağlantı yaratmışdı. Millimizin yarımmüdafiəçisi Kiprə yollanmağa razı idi, “Neftçi” rəhbərliyi maaşını xeyli artırınca, fikrindən daşındı.

Monrozu isə belə perspektiv gözləmir. İki ildir ağ-qara formanı geyinən hücumçunun kontraktı başa çatmaq üzrədir.

99 faiz ehtimalla yayda buradan ayrılacaq. Klub rəhbərliyi ilə yola getməyən Monrozun qalmasını baş məşqçi Samir Abasov da israrla istəmir.