Daha 7 komandaya texniki məğlubiyyət verildi
- 20 Dek 2023 21:21
- 277
İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
Region Liqasında keçirilməli olan “Biləsuvar” FK - “Qobustan” FK oyunu ev sahibi “Biləsuvar” tərəfindən öhdəliklər icra edilmədiyinə və polis təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə “Biləsuvar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
Region Liqasının “Veteran Tankçılar Gəncə” - “Bərdə” FK oyununun 90+2-ci dəqiqəsində “Veteran Tankçılar Gəncə” komandasının heyətində əvəzetmə limiti pozulduğu üçün bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Region Liqasının “Qarxun” – “Şəki” oyununda “Şəki” komandası hakimin tələbinə riayət etməyib meydana çıxmadığına görə “Şəki” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Gənclər Liqasının “Qəbələ” İK - “Zirə” PFK oyununda “Qəbələ”nin futbolçusu Okan Təhməzli oyun bitdikdən sonra komanda yoldaşını vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 4 oyun cəzalandırılıb.
U-10 Liqasında keçirilməli olan “Azəri” (Gəncə) - “Qoşqar” (Gəncə) oyunu “Qoşqar” (Gəncə) komandası təyin edilən vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə bu komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.
U-14 Qızlar Liqasının “Kəpəz” PFK - “Turan Tovuz” FK oyununda “Kəpəz” PFK komandası Əsasnaməyə uyğun təvəllüd limitini pozduğuna görə “Kəpəz”ə 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.
Yüksək Qızlar Liqasının “Qəbələ” İK - “Balxurma” (Balakən) oyununda Balxurma komandası lisenziyalarını təqdim etmədiyinə görə (U-17 liqadan oyunçuları oyuna gətirmişdir) və oyunun başlanması üçün tələb olunan yetərsay olmadığına görə matç keçirilmədiyi üçün “Balxurma” komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.
Futzal üzrə Azərbaycan kubokunun ilkin mərhələsi çərçivəsində keçirilməli olan “Şuşa” - “Metropoliten” oyununda “Şuşa” komandası təyin edilən vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə “Şuşa”ya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.