Daha bir boksçumuz lisenziya turnirində erməni boksçunu məğlub etdi
- 11 Mar 2024 12:20
- 234
Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində təşkil olunmuş birinci Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib.
Rekord.az xəbər verir ki, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 final çərçivəsində ermənistanlı Qurqen Madoyanı sınağa çəkib.
Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.
Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala gedən yolda qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.
Qeyd edək ki, 1/4 final görüşləri bu gün keçiriləcək.