Nazim Süleymanovun rəhbərlik etdiyi AFFA Həmkarlar İttifaqı pandemiya səbəbindən uzun müddətdir əyani şəkildə bir araya gələ bilməsə də karantin qaydalarına uyğun şəkildə fəaliyyətini davam etdirir.

Süleymanov Rekord.az-a açıqlamasında yeniliklər barədə danışdı: "Karantin səbəbindən uzun müddətdir toplantı keçirdə bilmirik. Bildiyiniz kimi, qapalı məkanlarda qadağalar olduğu üçün bir araya gəlməyimiz mümkün deyil. Eyni zamanda rayonlara gediş-gəliş qadağası olduğu üçün bölgələrə səfərlərimizi də müvəqqəti dayandırmışıq. Bununla belə, ittifaqımızın bölgə nümayəndələri ilə mütəmadi əlaqə saxlayırıq. İdarə heyətinin üzvüləri ilə isə sıx təmasdayıq, tez-tez telefon müzakirələrimiz olur. Bu yaxınlarda iki üzvümüzün doğum günü oldu: Orucəli Durmuşov və Boris Xetaqurov. Sentyabrın 5-də isə Səmədağa Şıxlarovun doğum günü olacaq. Artıq açıq havada 10-12 nəfərin bir araya gəlməsinə icazə verildiyi üçün yaxın zamanlarda karantin qaydalarına əməl etmək şərti ilə açıq havada bir araya gəlməyi də düşünürük. Ən əsası ölkə başçısına yazdığımız məktuba da cavab gözləyirik, çünki sonrakı fəaliyyətimizi prezidentimizdən gələcək cavaba uyğun qurmaq istəyirik".

Sonda Süleymanov üzvülük üçün xeyli müraciətin olduğunu, həmin şəxslərdən bəzilərinin üzvlüyə qəbul edildiyini bildirdi. Həmin şəxslərdən biri də Azərbaycan millisinin sabiq üzvü, ölkənin, o cümlədən İranın tanınmış klublarında geyinmiş, məşqçi kimi "Ağsu" ilə I Divizionda çempion adını qazanmış Rüfət Quliyevdi.