Dahi “7-lər” YAZI
- 10 Fev 2020 13:00
- 2049
Rekord.az bu yazısında dünya futboluna öz daşıdığı formanın nömrəsi ilə möhür vuran dahi “7 nömrə”lərdən danışacağıq. Bildiyiniz kimi, bu nömrə altında da kifayət qədər tanınmış, dünya futbolunda iz qoymuş futbolçular olub. Onlarının çoxunun oyununu sizlər də görmüsünüz və pərəstiş etmisiniz. Biz futbol tarixinə adını qızıl hərflərlə yazdırmış ən tanınmış “7 nömrə”lərdən seçdiyimiz “7-liy”i sizin diqqətinizə çatdıracağıq. Ola bilsin daha məşhur “7”nömrəni daşımış futbolçular olsun və kənarda qalsın. Bunu da norma qəbul etmək lazımdır. Beləliklə:
Eysebio (Portuqaliya, ən parlaq karyerası “Benfika”)
Eysebionu bütün dünya tanıyır. Ona bir çox müxtəlif ləqəblər qoyublar. Gah “Avropanın qara mirvarisi”, Gah “Avropanın Pelesi”, gah da “Qara Bəbir”. Onu da deyək ki, portuqaliyalı bu adların hamısına layiq olduğunu öz oyunu ilə sübut edib. Ötən sayımızda bu dahi “7 nömrə” ilə bağlı geniş yazı da vermişdik. Eysebio 60-cı illərin fırtına kimi əsən futbolçularından olub. Yüksək texnikası, qüvvətli zərbələri ilə istənilən müdafiəçini qarşısında acic duruma gətirməyi bacarırdı. Məhz onun sayəsində “Benfika” Çempionlar Kubokunun qalibi oldu, Portuqaliya milli komandası isə 1966-cı ildə dünya çempionatının bürünc mükafatını qazandı. Düzdür, karyerasını bitirdikdən sonra baş məşqçi kimi böyük uğur qazana bilmədi. Bunun özü də “ən yaxşı futbolçular heç də ən yaxşı məşqçi” olmurlar ifadəsinin yalan olmadığını bir daha sübuta yetirdi. Amma istənilən halda Eysebio adını dünya futbol tarixinə qızıl hərflərlə yazdırmağı bacardı. O, təkcə güclü futbolçu olması ilə deyil, eyni zamanda yüksək insanı keyfiyyətləri ilə də hər kəsin rəğbətini qazanmağı bacarıb.
Bebeto (Braziliya, ən parlaq karyerası “Deportivo” La-Koruniya)
Məşhur braziliyalı futbolçu. 1964-cü ildə Braziliyanın salvador vilayətində anadan olub. Karyerası ərzində 342 oyun keçiriv və 177 qola imza atıb. Eyni zamanda Braziliya milli komandasının heyətində 75 oyunun iştirakçısı və 39 qolun müəllifi olub. Deyə bilərsiniz ki, Braziliyada Bebetodan da başqa tanınmış “7 nömrə”lər olub, niyə məhz bu futbolçu siyahıda yer alıb? Bəli, razıyıq sizinlə, Braziliyada bu nömrə altında çıxış edən digər məşhur futbolçular da olub. Amma Bebeto öz oyun dəsti xətti və karyerası ilə xüsusi seçilib. Məsələn, onun 20 illik karyerasında 9 klubun adı olsa da həmin klublardan heç biri dünya nəhəngi olmayıb. Ən məşhur klubu İspaniyanın “Deportivo” klubu olub. Amma buna baxmayaraq, bu futbolçu özünü dünyaya tanıda bilib. Təsadüfi deyil ki, İspaniya Primerosunda çıxış etdiyi 4 il ərzində (1992-96) 131 matçda 86 qol vurmaqla bu kllubun tarixinə düşməyi bacarıb. Məhz ortabab ispan klubu Bebetonun sayəsində həmin illər ölkənin ən iddialı klublarından birinə çevrilməyi bacardı. Bundan başqa, Bebeto 1994-cü il ABŞ-da keçirilən dünya çempionatında da parlaq oyunu ilə yadda qaldı və dünya çempionu adını qazandı.
Didye Deşam (Fransa, ən parlaq karyerası “Yuventus”)
Deşam bəlkə də Fransanın futbol ulduzları arasında ən parlaqlardan olmayıb. Yəni, deyək ki, Mişel Platini, Zinəddin Zidan kimi sevilməyib. Amma öz liderlik keyfiyyətləri ilə həm oynadığı klubda, həm də ən əsası şərəfini qoruduğu milli komandada seçilməyi bacarıb. İlk baxışda Deşamın yüksək sürəti və fövqəladə texnikası olmadığı qənaətinə gəlirsən. Amma o əslində meydançada komandasının uğuru üçün çox böyük iş görürdü. Elə 1998-ci ildə Fransada keçirilən futbol üzrə dünya çempionatını xatırmalaq kifayətdir. Həmin mundialda komandasının kapitan sarğısını daşıyan Deşam bu ada layiq olduğunu məhz öz liderlik keyfiyyətləri ilə sübut etdi. O, ən çətin anlarda belə komanda yoldaşlarına dəstək oldu və onların çempionluğu qazanmasında böyük pay sahibi olanlardan oldu. Təsadüfi deyil ki, o vaxt Fransa millisinin baş məşqçisi olan Eme Jake də Deşamın əsl liderlik keyfiyyətlərinə malik olduğunu və məhz bu üzdən kapitan sarğısını da onun qoluna taxdığını demişdi.
Andrey Şevşenko (Ukrayna, ən parlaq karyerası “Dinamo” Kiyev, “Milan”)
Bu oğlanı da geniş tanıtmağa ehtiyac yoxdur. Əslində o, iki formanı ləyaqətlə daşımağı bacarıb. Həm 10, həm də 7. 10 nömrə altında o, “Dinamo”da parlaq karyera yaşayıb və oradan “Milan”a transfer olunub. İtaliyada isə ona “7 nömrə” verilib və məhz bu forma altında Şevçenko dünya ulduzları sırasına yüksələ bilib. Milan klubunda oynadığı 7 il ərzində 208 oyuna 127 qol vurmağı bacarmışdı. Bu isə onu “Milan” azarkeşlərinin ən sevimli oyunçularından birinə çevirmişdi. Şeva da hücumçu üçün lazım olan bütün parametrlər var. O, hər iki ayağı və başla gözəl oynayır, yüksək sürəti, əla deiblinqi var, cərimə zərbələrini çox məharətlə yerinə yetirir. Elə bir faktı da deyək ki, Şevçenko indiyə kimi Ukrayna milli komandasında keçirdiyi 98 oyuna 45 qol vurub. Bu gün hamı onu Ukraynada şəxsiyyət kimi qəbul edir. Maraqlıdır ki, “Milan”dan ayrılıb “Çelsi”yə gedən və orada uğursuzluq yaşayaraq yendiən doğma “Dinamo”ya qayıdan Şeva hazırda Kiyev klubunda məhz “7 nömrə”ni daşıyır.
Andreas Müller (Almaniya, ən parlaq karyerası “Borusiya” Dortmund)
Almaniyanın futbol tarixində də məşhur “7 nömrə”lər olub. Yəni, buraya Müllerin yerinə başqa futbolçunun da adını yaza bilərdik. Amma seçim Müllerin üzərində oldu. 1962-ci ildə Almaniyanın qərbində yerləşən Ştutqart şəhərində anadan olan Müller karyerası boyu həm, oynadığı klublarında, həm milli komanda da bu nömrənin altına sözün əsl mənasında imzasını qoya bilib. Xüsusilə, 90-cı illərin ortaları Andreas üçün çox parlaq dönəm olub. Belə ki, Müller 1996-cı ildə hazırda Azərbaycan millisinin baş məşqçisi olan Berti Foqtsun rəhbərliyi altında Avropa çempionu adını qazandı. Həmin çempionatın yarımfinalında almanların rəqibi meydança sahibəri ingilislər idi. Maraqlıdır ki, oyunsonrası penaltilərdə topa son yaxınlaşan məhz Müller olmuşdu və o zərbəni dəqiq yerinə yetirərək komandasının finala çıxmasını təmin etmişdi. 1997-ci ildə isə Müllerin də heyətində yer aldığı Dortmund “Borussiya”sı Çempionlar Liqasının qalibi adını qazandılar. Özü də almanlar həmin dövrün məğlubedilməz klubu olan “Yuventus”u məğlub etmişdilər.
Devid Bekhem (İngiltərə, karyerasının ən parlaq dönəmi “Mançester Yunayted”)
Bu futbolçu haqqında isə nə qədər istəsəniz danışmaq olar. Bir kəlmə ilə bütün dünyanın sevimlisi. Dünyanın elə bir nöqtəsi yoxdur ki, orada Devid Bekhemin pərəstişkarı olmasın. İngiltərəəd “7” nömrə deyəndə ilk yada düşən də məhz Devid olurdu. “Mançester Yunayted”də o bu nömrəni dahi Erik Kantonadan təhvil aldı və layiqində daşıdı. Düzünü etiraf etmək gərəkirsə, ilk baxışdan Bekhemdə futbolçu üçün tələb olunna heç də bütün xüsusiyyətlər yoxdur. Məsələn, o sol ayaqla və başla yaxşı oynaya bilmirdi. Super texnikası da yox idi. Bekhemi dünyada məşhur edən ilk növbədə onun yerinə yetirdiyi möhtəşəm cərimə zərbələri və ideal uzun hava ötürmələri idi. Və təbii ki, eyni zamanda imici ilə. Təsadüfi deyil ki, reklam çəkilişlərindən də qazandığı külli miqdarda vəsait sayəsində Bekhem uzun müddaət dünyanın ən varlı futbolçularından biri adını daşımışdı. Amma hər nə qədər reklam ulduzu olsa da azarkeşlər onu yenə cərimə zərbələrinin məşhur ifaçısı Devid Bekhem kimi tanıyacaqlar və yadda saxlayacaqlar.
Raul Qonsales (İspaniya, karyerasının ən parlaq dönəmi “Real)
Onu İspaniya futbolunun və Madrid “Real”ın canlı əfsanəsi adlandırırlar. Baxmayaraq ki, hazırda bu komandaların heç birinin şərəfini qorumur. Amma “Real”ın yetirməsi olan bu futbolçi düz 16 il (1994-2010) doğma klubuna canla-başla qullu etdi, ona sadi qaldı. Yalnız 2010-cu ildə məlum oldu ki, artıq “Real”ın gələcək planlarında ona yer yoxdur. Belə olan halda 33 yaşlı veteran “Şalke”yə üz tutdu. Amma o göstərdiyi gözəl, parlaq oyunları və vurduğu qolları ilə çoxdan ispan azarkeşlərinin qəlbində taxt qurub. Təsadüfi deyil ki 16 il ərzində 550 matçda “Real”ın formasını geyinən Raul 228 qola imza atmışdı. İspaniya millisində isə 10 il əzrində (1996-2006) 102 matçda meydançaya çıxmış və 44 qola imza atmışdı. Çətin ki, bundan sonra kimsə “Real”da və İspaniya millisinə “7 nömrə”yə Rauı qədər layiq oyun göstərsin. Döyüşkən, sonacan mübarizə aparan, məğlubiyyəti sevməyən, dava-dalaşdan uzaq, başını aşağı salıb öz futbolunu oynayan sadə oğlan. Hər kəs Raulu bu cür tanıyır və rəğbət bəsləyir.