Daniel Starricə 4 aylıq cəza - Pul qoyuluşu etdiyinə görə
- 03 Mar 2020 11:40
- 731
Futbol üzrə İngiltərə milli komandasının və Türkiyənin “Trabzonspor” klubunun sabiq hücumçusu Daniel Starric 4 aylıq cəzalandırılıb.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının (FA) rəsmi saytı məlumat yayıb.
Starric 2018-ci ilin yanvarında, “Liverpul”da olarkən İspaniyanın "Sevilya" klubu ilə danışıqlar apardığını söyləyərək, qardaşı Leondan bu keçidə pul qoymasını xahiş edib. Yekunda o, İspaniyaya yox, İngiltərə "Vest Bromviç"inə qısamüddətli icarəyə yollanıb.
Lakin futbolçunun qardaşının vasitəsilə bu cür mərc faktında iştirak etməsi FA tərəfindən cəzalanması ilə nəticələnmişdi. O, 2 həftəlik futbol oynamaqdan məhrum edilmiş, üstəlik, 75 min avro cərimə olunmuşdu. Cəzası bitəndən sonra bir müddət “Liverpul”da çıxış edən futbolçu, ötən ilin avqust ayında “Trabzonspor”la 3 illik müqaviləyə imza atmışdı. Lakin məhz FA tərəfindən verilən yeni cəza ilə əlaqədar, futbolçu iki gün öncə Türkiyə klubu ilə müqaviləsini ləğv etmək məcburiyyətində qalıb.
O, bu qərarını belə izah edib: “Aldığım bu cəzadan sonra xeyir verə bilməyəcəyim bir klubda pul qazanmağın doğru olmayacağını düşündüm. FA tərəfindən verilən qərar məni çox məyus etdi. Heç bir mərc oyununda iştirak etmədiyimi bilmələrinə rəğmən, cəza aldım. Məncə, bukmeker kontorları futbolçuların hansı klublara transfer olacaqları barədə mərc növünü ləğv etməlidilər.
Beləliklə, Starricin yeni cəzasının müddəti bu il iyun ayının 17-nə qədər davam edəcək. Bu isə onun üçün mövsümün bitdiyi anlamına gəlir. 30 yaşlı forvard bir də yay fasiləsində özünə yeni klub tapmaq şansı əldə edəcək. O, 150 min funt sterlinq cərimə də ödəyəcək.