AFFA İntizam Komitəsi yanvarın 19-da yenidən 80-ci maddənin 2-ci bəndini “yada saldı” və iki nəfəri futboldan ömürlük uzaqlaşdırdı. Söhbət MOİK-in futbolçuları Fərmayıl Əliyevlə Emin Mehdiyevdən gedir. Təsəvvür edin, bu adamlar futbol oynamaqdan başqa heç nə bacarmırlar. Bundan sonra nə özlərinə peşə seçəndilər, nə də təhsil alıb, universitet bitirən. Məsəli onlardan uzaq olsun, sabahın cinayətkarlarını yetişdirmiş olmadıqmı?


Ümumiyyətlə, açıqlanan bu qərarın özündə bir natamamlıq var. AFFA iddia edir ki, bu iki futbolçu danışılmış oyunlarda iştirak edib. Söhbət hansı oyundan gedir? Həmin iki futbolçu oyunu kiminlə danışıblar, konkret nə ediblər? Bunu deyən yoxdu. Mətbuatda gedən xəbərlərdə “Səbail”lə MOİK-in kubok oyunu nişan verilir. Hamı bilir ki, Azərbaycanda birinci divizion klubları ilə elita təmsilçiləri arasında yerdən göyə qədər səviyyə fərqi var. Belədə “Səbail”in qələbə qazanacağını düşünmək, buna pul qoymaq üçün heç münəccim olmağa da ehtiyac yox idi. Özü də Azərbaycan kubokunun tarixlərinə baxsaq, həmişə bu uçurumun özünü göstərdiyini, Premyer Liqa təmsilçisinin diviziondan gələnləri böyük hesabla məğlub etdiyini görürük. Elə bu mövsüm də istisna olmadı.


Bir neçə ildi ki, Azərbaycanda “danışılmış oyunlarla” mübarizəyə hüquq-mühafizə orqanları da qarışıb, bununla bağlı müvafiq qanun qəbul olunub, cinayət məcəlləsinə maddə əlavə ediblər. Belə çıxır ki, AFFA-nın futboldan uzaqlaşdırdığı iki futbolçunun işi hazırda polis və prokurorluq orqanlarındadı? Bunu da deyən, bilən yoxdu. 2020-ci ildə baş verənlər hamımızın yadındadı. Həmin vaxtda AFFA bir xeyli adamı futboldan uzaqlaşdırır, cəzalar yağdırırdı. Aralarında inzibatçı da vardı, məşqçi də, futbolçu da. Onların hansınınsa məsuliyyətə cəlb olunmasını, barəsində müvafiq tədbir görüldüyünü eşitmədik. Demək ki, qanunun özündə, eləcə də “danışılmış oyunlar”la aparılan mübarizədə də yetərincə boşluq var.


Bəli, “danışılmış oyunlar”da iştirak edənlər, oyun alıb-satanlar ən ağır cəzalara layiqdi. Fərqi yoxdu, həmin adam futbolçudu, ya da məşqçi. Amma bir məsələ var ki, bu mübarizə də prinsipial aparılmalıdı. Zaman göstərir ki, Azərbaycanda bu bəla ilə aparılan mübarizə yetərsizdi. 2020-ci ildə baş verənlər, qəbul olunan qərarlar yetərsizdi ki, hələ də problem davam edir. AFFA papağını qabağına qoyub, yaxşı-yaxşı fikirləşməlidi. Özü də həmin mübarizə təkcə divizionda, acından günorta duran futbolçulara, onların iştirakı ilə keçirilən oyunlarda olmamalıdı, bütün klubları, liqaları əhatə etməlidi. Necə olur ki, “oyun satanlar” ancaq aşağı divizionda olur, elitada oynayanlar aydın arı-sudan duru çıxırlar?


Əlimdə fakt olmadığı üçün konkret kimisə ittiham etmək, ad çəkmək istəmirəm. Amma ortada xeyli şübhəli və maraqlı məqamlar var ki, AFFA öz mübarizəsində səmimidisə, onlara da diqqət yetirməlidi. Premyer Liqada mübarizə aparan komanda var ki, son beş oyunundan dördündə heç-heçə qeydə alınıb. Həmin o dörd oyundan üçündə də məlum komanda hissəni öndə tamamlayıb və yalnız ikinci hissədə qələbəni “əldən verib”. Daha bir maraqlı məqam odu ki, bu komanda son beş oyundakı yeganə məğlubiyyəti özündən zəif rəqibdən son dəqiqələrdə buraxdığı qolla alıb və qol vurulanda rəqibi meydanda azlıqda olub. 


Axtarsaq-arasaq, belə məqamlar çoxdu. Yetər ki, AFFA nəzərlərini yuxarı da yönəltsin...