Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında sərbəst güləş millimiz uğurlu çıxış edib.

Rekord.az xəbər verir ki, mundialda 2 qızıl və 1 bürünc medal əldə edən yığmamız analoji yarışlarda medalların əyarına görə ən yaxşı nəticəsinə imza atıb. Komanda hesabında dünya 4-cüsü olan millimiz dünən Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda komandamızı Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar, yığma üzvlərinin yaxınları və media nümayəndələri qarşılayıb. 

Millinin baş məşqçisi Namiq Abdullayev brifinqdə bunları deyib:

"Əvvəlcə bütün xalqımızı Zəfər günü münasibətilə təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı arzulayıram. Bu uğurumuz müharibədəki qələbəmizin ildönümünə təsadüf etdi. İdmançılarımız iki dəfə bayrağımızı ən yüksəyə qaldırdı. Himnimizi səsləndirdilər. Yüksək səviyyədə çıxış etməyimiz üçün Azərbaycan Güləş Federasiyası tərəfindən bütün şərait yaradılmışdı. Bizdən öncə yunan-Roma güləşçilərimiz 1 qızıl və 2 bürünc medal əldə etmişdi. Bütün bu nəticələr təlim-məşq toplanışlarının düzgün keçirilməsinin göstəricisidir. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana olan diqqət və qayğısı nəticəsində bu uğurlar qazanılır. İdmançılarımızı, onların şəxsi məşqçilərini, millinin məşqçiləri Zəlimxan Hüseynovla Arif Abdullayevi, federasiya rəhbərliyini və bütün əməkdaşlarımızı təbrik edirəm. Heyətimiz əsasən gənclərdən qurulub. Bizi hələ çox yarışlar və uğurlar gözləyir. Bu komandayla Paris Olimpiadasına hazırlaşacağıq. Bizə daim dəstək olan Milli Olimpiya Komitəsinə və Gənclər və İdman Nazirliyinə təşəkkürümüzü bildirirəm".

Dünya çempionu Əliabbas Rzazadənin təəssüratları isə belə olub:

"İlk öncə onu qeyd edim ki, yarışa çox yaxşı hazırlaşmışdıq. Xasavyurtda güclü təlim-məşq toplanışı keçmişdik. Federasiya bunun üçün lazım olan bütün şəraiti yaratmışdı. Bizim də öhdəmizə çempion olmaq düşürdü. Şükürlər olsun ki, buna da nail oldum. Bu gün Zəfər bayramıdır. Qələbəmi bütün Azərbaycan xalqına, şəhidlərin ailələrinə və qazilərimizə həsr edirəm. Erməni idmançıyla güləşəndə məsuliyyət daha çox idi. Qalib gələcəyimi bilirdim. Zəfər günü ərəfəsində məğlub ola bilməzdim. Qələbə qazandım ki, ikiqat sevinc olsun. Gələcək hədəflərim böyükdür. Olimpiadaya qədər çəki dəyişikliyi olmasa, 57 kq-da davam edəcəyəm. Paris-2024-də çıxış etmək istəyirəm.

Xatırladaq ki, DÇ-də Əliabbas Rzazadə (57 kq) və Osman Nurməhəmmədov (92 kq) qızıl, Zirəddin Bayramov (65 kq) isə bürünc medal qazanıb.