DÇ: İki güləşçimiz finalda, Həsrət Olimpiadaya lisenziya qazandı
- 23 Sen 2023 23:24
- 469
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, yarışın 8-ci günündə yunan-Roma güləşi üzrə son 3 çəkidə mübarizəyə start verilib.
Mübarizəyə 1/8 finaldan qoşulan Murad Məmmədov (63 kq) amerikalı Xavyer Consona və ermənistanlı Qraçya Poqosyana 3:1 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında serbiyalı Georgi Tibilovla qarşılaşan Məmmədov 4:1 hesablı qələbəyə sevinib. Murad həlledici görüşdə gürcüstanlı Leri Abuladzeylə qarşılaşacaq.
Həsrət Cəfərov (67 kq) əvvəlcə meksikalı Edson Qutyerə heç bir şans tanımayıb - 8:0. İstedadlı pəhləvanımız 1/8 finalda macarıstanlı İştvan Vançanın öhdəsindən gəlib - 5:1. Cəfərov 1/4 finalda iranlı olimpiya və dünya çempionu Məhəmməd Rza Gerayi ilə qarşılaşıb. Titullu rəqibinə tam üstünlüklə (10:0) qalib gələn Həsrət 2 il əvvəlki məğlubiyyətin revanşını alıb. Milli üzvü yarımfinalda isə gücünü ermənistanlı Slavik Qalstyana göstərib - 5:3. Beləliklə, karyerasında ilk dəfə dünya çempionatının finalına yüksələn Cəfərov həm də ölkəmiz olimpiya lisenziyası qazandırıb. Həsrət finalda Tokio Olimpiadasında 60 kq-da qızıl medal qazanmış kubalı Luis Sançeslə güləşəcək.
İslam Abbasov (87 kq) moldovalı Viorel Burduyaya 5:1 hesabıyla qalib gələrək 1/16 finala yüksəlib. Güləşçimiz əlcəzairli Baxir Sid Azaranı isə sonuncu xal prinsipinə əsasən (1:1) üstələyib. Ancaq 1/8 finalda macarıstanlı David Losontsi ilə bacarmayıb - 0:8. Rəqib finala yüksəldiyi üçün Abbasov sabah qırğızıstanlı Azat Salidinovla təsəlliverici görüşə çıxacaq.
Bu çəkilərdə təsəlliverici və medallar uğrunda görüşlər sabah keçiriləcək.