DÇ-nin son günündə 1 gümüş və 2 bürünc medal
- 29 Okt 2023 23:32
- 289
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatına yekun vurulub.
Rekord.az xəbər verir ki, mundialın son günündə 3 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.
Fərid Sadıxlı (55 kq) ilk görüşdə belaruslu Maksim Stupakeviçi sonuncu xal prinsipinə əsasən (3:3) üstələdikdən sonra 1/4 finalda rusiyalı Vadimir Zabeyvorota üzərində əzmkar qələbə qazanıb - 4:3. Həmyerlimiz yarımfinalda gürcüstanlı Giorgi Toxadzeylə bacarmayıb – 0:10. Fərid bürünc medal uğrunda görüşdə rumıniyalı Denis Florinə tam üstünlüklə (10:0) qalib gələrək dünya üçüncüsü olub.
Ziya Babaşov (63 kq) 1/8 finalda belaruslu Qleb Makarankaya sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub. Babaşov təsəlliverici görüşdə ermənistanlı Yurik Hoveyana xalların keyfiyyətinə görə (2:2) uduzub.
Xasay Həsənli (77 kq) 1/8 finalda macarıstanlı Attila Toeşmaqiyə (9:1), 1/4 finalda hindistanlı Dipak Puniyaya (tuş), yarımfinalda isə gürcüstanlı Xviçe Ananidzeyə (9:0) tam üstünlüklə finala yüksəlib. Həlledici görüşdə moldovalı Aleksandrin Qutuyla qarşılaşan Xasay 1:3 hesabıyla uduzub və U-23 dünya çempionatını gümüş medalla başa vurub.
Sərxan Məmmədov (130 kq) çexiyalı Marsel Albiniyə tam üstünlüklə (8:0) qalib gəldikdən sonra almaniyalı Patrik Numayiri sonuncu xal prinsipinə (1:1) əsasən üstələyərək yarımfinala yüksəlib. Güləşçimiz finalın bir addımlığında ukraynalı Mixaylo Vişnivetskiyə sonuncu xal prinsipinə (1:1) əsasən məğlub olub. Sərxan bürünc medal uğrunda görüşdə yunanıstanlı Apostolos Tsivolosa heç bir şans tanımayıb və 10:0 hesablı qələbəylə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.