DÇ: Ukrayna millisinin xərclərini Azərbaycan qarşılayacaq
- 09 Sen 2022 14:30
- 513
Bakıda təşkil ediləcək paracüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib.
Rekord.az xəbər verir ki, konfrans mundiala həsr olunmuş video-çarxın nümayişi ilə başlayıb.
Daha sonra Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov qarşıdan gələn yarışla bağlı media nümayəndələrinə geniş məlumat verib. O, Azərbaycanda ilk dəfə baş tutacaq dünya çempionatına 45 ölkədən 250 idmançının qatılacağını bildirib.
Rəhimov qeyd edib ki, Paris-2024 Yay Olimpiya Oyunlarına ən çox lisenziya xalları qazandırdığından, yarışa maraq çox böyükdür:
“Paracüdoçular 18 dəst medal uğrunda mübarizə aparacaqlar. Onlardan hərəyə 8 dəsti kişi və qadınlar, 2 dəsti isə komanda yarışlarında sahiblərini tapacaq. Komanda üzvlərimiz çempionata fiziki və psixoloji cəhətdən hazırdırlar. Onların hazırlıq səviyyələrinin artırılması məqsədilə yarışda iştirak edəcək idmançıların yerli təlim-məşq toplanışlarında çalışmaları davam etdiriləcək”.
Mətbuat konfransında dünya çempionatının loqosu, qalib idmançılar üçün nəzərdə tutulan medal və maskotların təqdimatı da olub.
MPK prezidenti bildirib ki, Afrika ölkələrində paracüdoya marağın daha da artırılmasından ötrü bir neçə ölkə Bakıdakı mundiala dəvət olunub. Dəvətli komandalar və digər paralimpiya komitələri ilə imzalanmış memoranduma əsasən, bir neçə ölkənin, eyni zamanda Ukrayna milli komandasının xərclərini Azərbaycan Milli Paralimpiya Komitəsi qarşılayacaq.
Bundan başqa, çempionatdan əvvəl beynəlxalq hakimlərin iştirakı ilə 5 gün göz tibbi təsnifatı, yarışdan sonra isə ölkələr üçün beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.