AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XXII turunda keçirilmiş "Sabah" - "Turan Tovuz" oyununda qeydə alınan mübahisəli epizodlara münasibət bildirib.


Rekord.az xəbər verir ki, o, ilk olaraq paytax təmsilçisinin fərqləndiyi epizodu şərh edib.


De Blekere hakimin qayda pozuntusunu qeydə almadığını vurğulayıb:


"58-ci dəqiqədə meydanın “Sabah”a aid hissəsində, künc bayrağının yanında top uğrunda mübarizə zamanı qayda pozuntusu baş verir, lakin hakim bunu qeydə almır və “Sabah”a (top meydanı yan xətdən tərk etdiyindən) yan xətdən oyunu bərpa etməyə işarə edir. Oyun yenidən bərpa olunur (yeni hücumun başlama fazası) və “Sabah” hücumun sonunda qol vurur. Bu situasiyada VAR baş vermiş və hakim tərəfindən qeyd edilməyən qayda pozuntusuna müdaxilə edə bilməz. Yan xətdən bərpa “Sabah”ın yeni hücumunun başlanğıc mərhələsidir".


O, matçın sonlarına təsadüf edən epizod haqqında bunları bildirib:


"90+5-ci dəqiqə VAR müdaxilə edir. Qayda pozuntusu baş verir (“Sabah”ın oyunçusu rəqibini itələyir). Qol vurulduqdan sonra VAR hücumun başlama fazasını yenidən yoxlayır və qoldan öncə baş verən qayda pozuntusuna müdaxilə edir. Hakim epizoda baxdıqdan sonra “Sabah”ın vurduğu qolu ləğv edir. Hər iki halda VAR düzgün olaraq VAR protokoluna əməl etdi".


Qeyd edək ki, görüş "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.