De Byazi başqa yerdən təklif alıb? Yazı
- 29 Avq 2021 16:39
- 820
Millinin baş məşqçisi yığma oyunçularının yetərsizliyi barədə fikir yaratmaqla indidən məğlubiyyətlərə niyə köklənsin?
Millinin italyan baş məşqçisi De Byazinin son açıqlamaları idman ictimaiyyətində, idman mediasında iki gündür qızğın müzakirələrə səbəb olub. Nə deyib De Byazi hoca? DÇ'2022-nin seçmə mərhələsində A qrupunda yer alan və iki oyundan sonra xalsız sonuncu pilləni tutan Azərbaycan yığmasının italiyalı çalışdırıcısının sentyabrdakı matçlar ərəfəsində söylədiklərinə bir daha qulaq verək: "Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq. İlk yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. Üçüncü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək. Biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bu cür qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz".
Bir baş məşqçinin səviyyəsindən asılı olmayaraq öz komandası barədə gəldiyi ən utancverici, qorxaq qənaətdir desək, yalan olmaz. Hamı hiddətlidir və çoxu millinin seçmə oyunlar öncəsi motivasiyasına zərbə vurmamaq üçün, hələ ki, çox da dərinə gedib De Byazini "yaş yuyub quru sərmək" istəmir. Adam elə fikirlər səsləndirib ki, buna səssiz qalmaq da mümkün deyil. Bəs yaxşı, nə baş verir, niyə De Byazi birdən-birə, özü də seçmə oyunlara sayılı günlər qala belə açıqlama ilə bomba effekti yaratdı?
Məndə olan məlumata görə, De Byazi başqa yerdən çox yaxşı təklif alıb və AFFA rəhbərliyi, ümumi planda isə ölkə futbol camiəsi onun qarşısında mümkün olmayanı etmək vəzifəsi qoyduğundan, bu işi bacarmadığını özü üçün yəqin edən adam getmək üçün fürsət axtarışındadır. Dekabrın sonuna qədər şələ-şüləsini yığışdırıb qaçmağı planlayır bizim De Byazi. Elə məhz buna görə, ölkəmizə çox iddialı gələn italiyalı menecer idman ictimaiyyətinin əlinə özüylə bağlı AFFA-nı sıxmaları, tənqid atəşinə tutmaları üçün yaxşı bəhanə və mövzu verdi. Özü barədə eşidəcəyi tənqidləri, hətta təhqirləri isə olmamış kimi bir qulağından alıb o biri qulağından buraxacaq, olay qapanacaq. Çox elə vecinədir Azərbaycan yığması onun.
Belə bir qafa yapısında olan adamın, indidən psixoloji məğlub birinin ölkənin milli komandasına koçluq etməsi normal sayılmamalıdır, hətta o yığma komanda zəifdirsə belə. Sənin başqalarından zəif bir komandanın (ki, bu da mübahisəlidir) baş məşqçisi olmağın sənə heç bir halda əsas vermir ki, o kollektivi aşağılayacaq, heç nəyə qadir olmadıqları, bacarıqsız olmaları barədə fikir yaradasan. Gücünə inanmadığın komandanı hansı mənəvi haqla, hansı motivasiya ilə yaşıl meydana çıxaracaqsan? Qərar verəndə bilmirdin hara gedirsən işləməyə? Sən axı özün bilirsən ki, Braziliyaya, yaxud Belçikaya gəlməmisən hər oyun şedevr yaradasan. Azərbaycanda işinin çətin olacağını öncədən hesablamalıydın, ay qoca!
Belə görünür ki, DÇ-2022 seçmə mərhələsi macəramız da beləcə bitəcək o mənada ki, De Byazi yerdə qalan bütün oyunlara reqlament xatirinə yola vermək, müəyyən fərqli eksperimentlər edib öz məşqçilik praktikasını gəlişdirməklə məşğul olacaq. Normal futbol federasiyası seçmə oyunlar öncəsi bu cür bərbad və aşağılayıcı açıqlamalar verən məşqçidən izahat tələb etməli idi. Ancaq görünən tablo budur ki, mövcud durumdan AFFA da məmnundur, De Byazi də. AFFA ilə De Byazi arasında bağlanan müqavilənin şərtlərini bilmirik görək orada yazılıbmı ki, adamı biz qovsaq əlavə təzminat xərci yaranır ya yox? Təbii, öz xoşu ilə gedərsə, daha məntiqli olar. Ancaq bu vəziyyətdə də AFFA çətin duruma düşəcək o mənada ki, seçmə oyunların gedişində yığmaya məşqçi axtarmalı olacaq. Hardan baxarsaq baxaq, De Byazi son açıqlamaları ilə AFFA-nı çıxılmaza sürükləyir.
Artıq tam əmin olmaq olar ki, adam ilk məğlubiyyətdəcə, ilk uğursuz çıxış fonunda dərhal istefa ərizəsini yazacaq, ya da, ən pis halda, tutduğu vəzifədən qovulacaq. De Byazi daha Azərbaycanda işləmək istəmir, burası dəqiqdir. Ruhu və beyni Azərbaycan milli komandasında olmayan birindən iş tələb etmək axmaqlıq olar, zorlamaq lazım deyil, çünki bu açıqlamaların başqa bir tutarlı izahı ola bilməz. Milli yığma komanda, hər nə də olmasa, Azərbaycanın beynəlxalq arenalarda milli siması, atributudur və xarici mətbuatda onun haqqında əzik rəy formalaşdırmaqla yaşlanmış mütəxəssis həddini aşıb. Uzun sözün qısası, yığma komandaya yeni baş məşqçi tapmalıyıq və bu, mənim fikrimcə təcrübəli yerli mütəxəssislər arasından seçilməlidir.
Mirzə Rəşad Bakuvi