De Byazi ilə Şenol Günəş arasındakı paralellər
- 12 İyn 2021 12:39
- 1461
O qədər “qardaş-qardaş” dedik ki, Türkiyə millisini də özümüzə oxşatmağa başladıq. Siz təsəvvür edə bilərsizmi ki, Yunanıstan millisini ultra-müdafiə futbolu ilə məğlub etmək mümkün olsun? Olmayacaq, dostlar. Yunanlar öz qapılarının həndəvərində ətdən çəpər hörə-hörə 2004-cü ildə Avropa çempionu adını qazandılar. Qitənin nəhəng yığmaları bir-birinə badalaq vurmaqla məşğul oldu, o bunu, bu da o birini qrupda saxlamaq üçün min hoqqadan çıxdı. Axırda da futbol tanrısı tərs şilləsini bütün Avropa futbolunun üzünə çəkdi, yunanlar qızıl medalları boynuna asdı. Praqmatik qorxaq oyunda böyük uğurlar qazanmaq mümkün olsaydı, yunanlar həmin uğurun davamını gətirərdilər. Amma beləsi mümkün deyil. Üzərindən 17 il keçib, Yunanıstan futbolu dərin böhran içindədi. Təsadüfi deyil ki, builki Avropa çempionatına qatılan 24 komanda arasında Yunanıstan yoxdu.
Bu mənada İtaliya istisnadı. Çünki bu ölkənin futbolunun öz ənənələri var. Hər nə qədər bəyənməsək də, qəbul etməliyik. Almanları onların öz “silahıyla” vurmaq mümkündü, “uçan hollandları” hava toplarından məhrum edib, total futbola həsrət də qoya bilərsən. Amma italyanlarla bu mümkün deyil. Hücum potensialı ilə öyünməyən, çoxlu qol vurmağa o qədər də həvəs göstərməyən apenninlilər əsasən öz qapılarının qayğısına qalır, imkan düşəndə rəqibin qapı torunu silkələyib, minimal hesablı qələbəni təmin edirlər. İtalyanlar işlərinə yarayanda heç-heçə üçün oynamağa da “ərinmirlər”.
“Bitirdi, oh, bitirdi” – dünən keçirilən Türkiyə - İtaliya qarşılaşamasında fasilə elan olunanda TRT-nin şərhçisi Ərdoğan Arıkan eynilə belə deyirdi. 45-ci dəqiqə bitər-bitməz gözü 4-cü hakimi axtaran təcrübəli spiker niderlandlı baş hakim Denni Makkelinin fitini eşidən kimi özü sevindiyindən fit çalacaq haldaydı. Onun düşdüyü bu durum mənə uzun illər öncə “Bakı”nın mətbuat xidmətinin rəhbəri kimi çalışan bir həmkarımızı xatırlatdı. Heyətini dünyanın dörd bir yanından bahalı əcnəbilərlə dolduran, yerli futbolçuları az qala milyonlar qarşılığında heyətində qatan paytaxt klubu hesabda önə keçən kimi həmin həmkarımızın gözü saatında olardı. 60-cı dəqiqədən sonra isə meydandakılara elə hey “25 dəqiqə qaldı”, “son 15 dəqiqə”, “10 dəqiqə də dözün” tipli “dəstək mesajları”nı çatdırmağa çalışırdı. Futbola belə münasibətin sonunun necə olduğunu da hamımız gördük. Dünən axşam qos-qoca Türkiyə millisi də belə vəziyyətə düşmüşdü, ya da salınmışdı.
37 yaşlı Kyellinin, ondan cəmi 3 yaş kiçik olan Bonuççinin qurduğu müdafiə xəttini yarmaq üçün əlinin altındakı gənc və sürətli futbolçulardan yararlanmayan Şenol Günəş də elə Arıkanın günündə idi. Çalışdırıcının seçdiyi oyun üslubu və ifaçılar ondan xəbər verirdi ki, Günəş “italyanlardan daha çox italyanlıq etmək” fikrindədi. Çılğın türklər öz xarakterlərinə uyğun gələn oyun üslubundan imtina edib, vaxtı yola verir, qapılarına doğru qısılırdılar. Bir gedişatın sonu səni məğlubiyyətə aparırsa, bu qədər qorxaqlığa izah vermək çətindi. Merih Demiral topu öz qapılarına vurandan sonra millimizin Portuqaliya ilə qarşılaşmasını xatırladım. Dedim ki, vəssalam, oyundan sonra Günəş də Canni De Byazi kimi “avtoqol”la uduzduqlarını bəhanə edib, bəxtdən şikayətlənəcək. Türklərin “dişsiz” oyunundan ürəklənən Mançininin komandası onu bu bəhanədən də məhrum etdi.
Ümid edək ki, Şenol hoca Canni De Byazi kimi davranmaqdan imtina edib, Uels və İsveçrə önünə əsl türklər kimi çıxacaq. Xırıldayaraq ölmək bizə yaraşmaz, biz meydana rəqibi “öldürmək” üçün çıxmalıyıq. Doğma Bakımızda qardaş türkləri aciz görməmək ümidi ilə!