Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında iştirak edəcək “Ordu” klubunun baş məşqçisinin adına aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda ispaniyalı mütəxəssisə tapşırılıb. Azərbaycanın əsas yığmasında üçüncü məşqçi, U-20 yığmasında isə baş məşqçi kimi fəaliyyət göstərən Alberto Blanko yüksək liqa klubunda işləyəcək. Onunla birillik müqavilə imzalanıb.

Blanko hədəflərinin böyük olduğunu vurğulayıb:

“Biz yeni komandayıq. Çempionatda yeni klub kimi mübarizə aparacağıq. Ona görə də oyunçularımızın uyğunlaşması çox vacibdir. Düzdür, yerli oyunçularımız digər klublardan gəlib, onlar üçün ciddi problem olmayacaq. Addım-addım getməliyik. Çünki yeni yaranan klub üçün dərhal nəticə göstərmək bir qədər çətindir. Böyük hədəflərimiz var. Ancaq bunun üçün ilk növbədə oyunçularımız çempionatın startına qədər lazımi formaya çatmalıdırlar. Bundan sonra artıq hansısa uğurlardan danışmaq olar. Əlbəttə, hamımız əlimizdən gələni edəcəyik ki, klubumuz lazımi nəticəni qazansın. Oyunçularımız məqsədə çatmaq üçün meydanda sona qədər mübarizə aparacaqlar".