Dekabrda "Çelsi" Bakıya gələ bilər! EKSKLÜZİV
- 08 Okt 2024 08:51
- 3344
UEFA Konfrans Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq "Astana" - "Çelsi" qarşılaşması Bakıda keçirilə bilər. "Rekord.az"-ın əldə etdiyi məlumata görə, buna səbəb meydan sahiblərinin öz oyunlarını keçirdikləri "Astana Arena"nın ilin sonuna qədər təmirə bağlanmasıdı. London təmsilçisi ilə qarşılaşma dekabrın 12-də oynanacaq və o vaxta təmir bitməyəcək.
Qazaxıstanlılar alternativ variantlar üzərinə düşünməyə başlayıblar. Serbiya "Baçka Topola"sı ilə ilk tur matçı Almatı Mərkəzi Stadionunda təşkil olunub. Ancaq bu stadion da köhnədi və "Çelsi"ni qəbul etməyə yaramaya bilər. Daxildə son alternativ Kostanay stadionudu ki, burda da problem şəhər aeroportunun beynəlxalq uçuşları qəbul etmək imkanına maıik olmamasıdı.
Qazaxıstan Futbol Federasiyası oyunun ölkədən kənarda keçirilməsi variantını da nəzərdən keçirir. İlk fikir Azərbaycandı. Bakıda bu cür oyunu keçirmək potensialı olan 3 arena - Tofiq Bəhramov adına Respublika stadionu, "Neftçi Arena" və Bakı Olimpiya Stadionu var. Sonuncusunda "Çelsi" iki dəfə qonaq olub. Bunlar 2017-ci ildə "Qarabağ"la Çempionlar Liqasının qrup mərhələsi matçı və 2019-cu ildə Avropa Liqasının final qarşılaşmalarıdı.
Məsələ ilə bağlı rəsmi müraciətin olub-olmadığını dəqiqləşdirmək üçün AFFA ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin cavabına əsasən, hələ ki, bu məsələ gündəmdə deyil: "Bununla bağlı bizə müraciət daxil olmayıb".