"Neftçi"nin sabiq futbolçusu Mirhüseyn Seyidov klubda baş verən xoşagəlməz hadisələrə münasibət bildirib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş yarımmüdafiəçi "Neftchi Baku Fan Page" səhifəsində klub avtobusunun ötən gün qəza törətməsi ilə bağlı şərh yazıb: "Bilmirsən, güləsən, ya aglayasan. Bunu kiməsə söz atmaq üçün demirəm. Heyif "Neftçi"yə ki, onun sürücüsünə yolun ortasında əl atılır. Elə bil avtobus boş gedir... Bir-iki nəfər düşüb müdaxilə etsə, heç nə olan deyil. Ən az məvacib alan oyunçu belə ağsaqqala dəyən ziyanı qarşılaya bilər. Bir növ "Mənlik deyil, mən videoya düşməyim" söhbəti gedir. Baxın, "Neftçi" azarkeşləri bunları deyirdi ki, komandada birlik görünmür. İnciməsin, futbolçu dostlarımız, məşqçi və ya rəhbər heyət, hamısı dost və tanışlardır, onlara söz atmıram. Sadəcə, fikrimi deyirəm. Ziyan görən maşının sürücüsünə demək lazım idi ki, ağsaqqal, bu, "Neftçi"dir, sür get, nə lazımdırsa, artıqlaması ilə həll edəcəyik. Ancaq dialoqa gedirlər... Mərdan kişi də deyir ki, avtobusda ordu aparıram, amma özüm tək mübahisə edirəm, eh... İncməyin, amma "Neftçi" əvvəlki çəkisində, imicində deyil, ona görə belə vəziyyət yaranır. Hələ Baqali Dabo "Qarabağ" forması geyinir... Bir ildir ki, bu insanla bacara bilmirlər, belə-belə yığılır, axırda bir ilin əziyyəti yerdə qalır. Hələ bu, bizim gördüklərimizdir. Yetirməsi çox az qalıb klubda, ona görə də elə bil ki, "Neftçi" ağırlığını tam dərk etmir dostlarımız".