"Deyib ki, Elvindən futbolçu çıxsa, stadionun ortasında anqıracağam" MÜSAHİBƏ
- 20 May 2020 14:00
- 1094
Azərbaycan futbolunda onu daha çox “Bakı”dakı çıxışı və “Kələş” ləqəbi ilə tanıyıblar. Rekord.az xəbər verir ki, son olaraq I divizionda görünüb və danışılmış oyunlarda adı hallanıb. Söhbət “Neftçi”də heç cür möhkəmlənə bilməyən, lakin “Bakı”da möhürünü vuran veteran müdafiəçi Elvin Əliyevdən gedir. “Neftqaz”da yetişib, “Neftçi” ilə yanaşı, “Karat”, MOİK, “Olimpik”, AZAL və “Rəvan”ın formasını geyinmiş sabiq cinah müdafiəçisi 6 il “Bakı”da oynayıb, “zolaqlılar”ın kapitanlıq sarğısını daşıyıb. “Ofsayd” rubrikasının budəfəki qonağı qısa müddət Azərbaycan millisinin də formasını geyinmiş Elvin Əliyevdir. 36 yaşlı keçmiş futbolçu ilə söhbətdə karyerasına nəzər yetirdik, başına gələn maraqlı hadisələri xatırladıq.
"Ondan qorxurdum, səsim çıxa bilməzdi"
- Əsasən "Bakı"dakı oyununuzla tanınmısınız. Ancaq ona qədər fasilələrlə 3 dəfə "Neftçi"də çıxış etmisiniz. Orada möhkəmlənməməyiniz nə ilə bağlı olub?
- İnsanın istənilən peşədə uğur qazanması üçün ilk növbədə bəxti olmalıdır. "Neftçi"də qala bilməməyim də sırf bəxtlə əlaqəlidir. "Neftqaz" Rüstəm Rəhimovun rəhbərliyi altında birinci liqaya yüksəlmişdi. Razindəki (indiki Bakıxanov – R.S.) stadionda hazırlaşırdıq. Həmin vaxt Azərbaycan futbolunun "qaymaqları" "Neftçi"də idi, onlar da orada məşqə gəlirdilər. Birdən keflərinə düşürdü, bizimlə yoxlama görüşü keçirirdilər. Onlara qarşı 10-a yaxın oyun keçirmişəm. Bəxtiyar Musayev, İqor Getman kimi futbolçular həmin vaxt çıxışımı bəyənirdilər. Özüm də həmişə Getman kimi futbolçu olmaq istəmişəm. Futbolun dayandırılan vaxtında Kazbek Tuayev atamla görüşüb, məni "Neftçi"yə dəvət etdi. Dedi ki, maaş da alacaq, mükafat da. Atama bildirmişdi ki, istəyirəm futbolçunun oğlu da futbolçu olsun. İlk dəfə "Neftçi"yə həmin vaxt gəldim, 17-18 yaşım var idi. Cəmi 2 matçda meydana çıxdım - 3 dəqiqə "Kəpəz"ə, 8 dəqiqə "Turan"a qarşı oynadım. Cavan uşağam, oynamaq üçün "yanıram", az qala başımı divara çırpım ki, çox oynayım. Kazbek müəllimdən də qorxurdum, səsim çıxa bilməzdi. Sonra çağırıb dedi ki, sənə komanda tapaq, orada bir müddət oyna, təcrübə topla. Məni verdilər "Karat"a. Oradakı ilk oyunumda da tərslikdən xəstə idim, o vəziyyətdə oynadım. Deyirdilər ki, bu nə oyunçudur gətiriblər? Amma ən yaxşı vaxtlarım orada başladı. O qədər istəkli idim ki, məşqdə kross qaçışı zamanı komanda yoldaşlarımı 100 metr qabaqlayırdım. "Neftçi"də də, "Karat"da da "qoca qurdlar" idi, deyirdilər ki, Elvin, tempi aşağı sal. "Karat"da 60 “şirvan” maaş alırdım. Kasıb olduğumuz üçün atam reqbiçilərdən buts almışdı. "Karat"da 6 ay oynadıqdan sonra "Neftçi"yə qayıtdım. Amma əsgərlik vaxtım gəldiyindən MOİK-ə yollandım. MOİK-dən yenidən "Neftçi"yə qayıtdım. Orada bir mövsüm oynadım, 3-cü yeri tutduq.
"Deyib ki, Elvindən futbolçu çıxsa, stadionun ortasında anqıracağam"
- Ayrılmağınızda Ağasəlim Mircavadovun gedişinin təsiri oldumu?
- Həmin vaxt Qurban Qurbanov dövrü başlamışdı. Ağasəlim müəllim mənə dedi ki, rəhbərliyə, yeni məşqçi korpusuna səni saxlamağı məsləhət gördüm. Bilmədim kim idi, amma yeni gələnlərdən biri deyib ki, Elvindən futbolçu çıxsa, respublika stadionunun ortasında anqıracağam. Bu söz həyatımın dönüş nöqtəsi oldu. Təsəvvür edin, sənə bu sözü deyib göndərirlər. Ramin Musayevlə Ağasəlim Mircavadov mənə görə sona qədər dirənsələr də, saxlamadılar. Nəticədə "Olimpik"ə keçdim, iki il orada uğurlu çıxış etdim.
- Gənclər millisinə ilk dəfə çağırılmağınız da maraqlı alınmışdı...
- Vaqif Sadıqov gənclər yığmasının baş məşqçisi olanda baxışa çağırıldım. Getdim ki, 60 nəfər adam gəlib. Atama zəng vurdum ki, burda mənim üzümə baxan kimdir, qayıdıram. Dedi ki, çıx, elə-belə oyna. "Karat" tanınmış komanda olduğu üçün ikitərəfli oyunda əsas heyətdə şans verdilər. İkinci hissədə elə bil mənə motor qoşmuşdular. Bir penalti qazandım, zərbəmi qapıçı dəf etdi. Oyunum əla alınırdı. Bütün seleksiyaçılar da matçı izləyirdilər. 11 nəfər seçdilər, içlərində mən də var idim. Həmin "11-lik" səhəri gün yüksək liqada çıxış edənlər arasındakı matçda ehtiyata oturmuşduq. Məni heç futbolçu yerinə qoyan yox idi. İkinci məşqçi Musa Qurbanov məndən başqa hamını meydana buraxdı. Vaqif Sadıqov yuxarıdan qışqırdı ki, Elvinə də şans ver. Ən sonda mən görüşə qoşuldum. 10-15 dəqiqə imkan qazandım, amma oyunum super alındı.
"Həkimin otağında Şoliçi boğub öldürürdüm"
- Gələk ən uğurlu dönəminiz olan "Bakı" karyeranıza. Orada 6 il qalmağınızı nəyə borclusunuz?
- "Bakı" rəhbərliyi bu illər ərzində mənə qarşı mehriban oldu, xətrimi çox istəyirdilər. Üstəlik, nəticə də vermişdik: kuboku götürdük, çempion olduq, ikinci yeri tutduq. Bir dəfə UEFA Kubokuna düşdüyümüz üçün 5 min dollar verilməli idi. Mənə pul çatmadı. 20 min dollar da mükafatımdan qalmışdı. Gedib vitse-prezident Zeynal Məmmədovdan istəməyə üzüm yox idi. Müqaviləm bitirdi, getdim otağına halallaşmağa. Mənə nə qədər borclu qaldıqları yadından çıxmışdı, çıxarıb 30 min verdi. Dedim ki, bu çoxdur, mənim haqqım 20 mindir. O pulun 10 minini qaytardım. Heç avrokuboka düşdüyümüz üçün verilən 5 mini də istəmədim. Elə oldu ki, "Bakı"da qaldım. Sonra Bülənt Qorxmaz baş məşqçi təyin olundu. İlk vaxtlar deyirdi ki, Elvini futbolçu saymıram. Amma müəyyən müddət sonra paltardəyişmə otağında hamıya söylədi ki, bu uşaq formanı özü məndən məcbur aldı. Halbuki məni heç məşqə buraxmırdı. Yaxşı yadımdadır, bir dəfə Denis Silvanın 85-ci dəqiqədə vurduğu qolla "Neftçi" bizi məğlub etmişdi. Oyundan sonra həkimin otağında Aleksandr Şoliçi boğub öldürürdüm. Başında piy var idi, onu kəsdirib gəlmişdi. Dedim ki, bunu kəsdirməyin vaxtı idi? Mən sınıq ayaqla oynayıram, sən lazımsız əməliyyat keçirirsən. Əcnəbilərə sözümü deməyim rəhbərliyin xoşuna gəlirdi. 8 ay futbol oynamadım, amma zədəli olduğum halda Zeynal müəllim müqaviləmi yenilədi. Bir sözlə, "Bakı" rəhbərliyi can qoyan futbolçunun qədrini bilirdi.
"Haqqımı yediyini sübut etməli idim"
- Tez-tez zədələnməyiniz diqqət çəkirdi. Müalicəni düzgün aparmırdınız, yoxsa buna ciddi yanaşmırdınız?
- "Olimpik"də olanda da iki il hər gün keyidici iynə vurub məşqə çıxırdım. Amma əsas ciddi problemlər "Bakı"da Cüneyt Biçərin dövründən başladı. Yenə hər gün məşqə, oyuna iynə ilə çıxırdım. Ölkə kubokunun finalına kimi ayağımın ağrısından dayana bilmirdim. Matçdan əvvəl isinmə hərəkətinə çıxanda gördüm ki, pəncəmin ağrısından yeriyə bilmirəm. Rəhmətlik Murad həkim keyitdi, elə oynadım. Prinsipə durub, o görüşə çıxdım. Bilirsiniz niyə? Berti Foqts məni milliyə çağırmırdı və oyunu tribunadan izləyirdi. Ona özümü göstərməli, haqqımı yediyini sübut etməli idim. Elə hesab edirdim ki, həmin qarşılaşmada sona qədər meydanda olmasam karyeram bitəcək. İkinci hissədə bir sürüşmə fəndindən sonra ağrım artdı. Əlavə vaxtı axsayaraq keçirdim, bir ayaqla oynayırdım. Həmin görüşün videosuna baxsanız, son epizodda necə axsadığımı görərsiniz. O ağrı ilə qazandığımız kubok mənim üçün milyonlara bərabər oldu. Yaxşı pullar qazanırdıq, ruzi kəsilmirdi. Mən də buna görə keyidici iynələrlə oynayırdım. Nəhayət, MRT-dən keçdim, məlum oldu ki, 4 aydan çoxdur ayağımda çat var, o cür də oynayıram. Ona görə bir mövsümü buraxdım.
- Bojidar Bandoviçin dövründə sanki sıfırdan başlamalı oldunuz...
- Bandoviçlə də çox mübarizə apardım. Məni neçə ay oynatmadı, hətta deyirdi ki, Elvini toplanışa yoxlamağa aparacağıq. Hərəkətlərinə gülürdüm, o da aqressivləşirdi ki, bunu "sındıra" bilmirəm. Amma sonra yavaş-yavaş yerimi qaytardım. Həyatımda onun dövründəki kimi optimal forma yığmamışdım. Bandoviç də "Elvin kimi 4 futbolçum olsaydı, çempion olardıq" deyib getdi. Pantiç gələndə isə 3 futbolçunun mütləq qalmasını istəmişdi, biri də mən idim. Bəxtsizlikdən çiynim sınmışdı, qayıtdıqdan sonra da damarım dartıldı, 6 ay futbolsuz qaldım. Sağalıb qayıdırdım, 10-15 gündən sonra yenidən zədələnirdim.
"Onu Allah bağışlasa belə, mən bağışlamayacağam"
- "Neftçi" ilə oyundakı dava-dalaş yəqin ki, yadınızdadır. Həmin anda nələr baş vermişdi?
- Dava-dalaşa səbəb olan adını çəkmək istəmədiyim həmin futbolçunu (Mirhüseyn Seyidovu nəzərdə tutur - R.S.) Allah bağışlasa belə, mən bağışlamayacağam. Bir epizodda mübahisə yaşandı, həmin oyunçu da ağır söyüş işlətdi. Dedim ki, bu nə sözlərdir deyirsən, özün də məndən kiçiksən. Lap pis söyüş söyməyə başladı. Fikirləşdim ki, oyundan sonra bunu tutaram. Həmin matçda 0:1 uduzduq, davaya da həvəsim qalmamışdı. Orada idmançılar var idi, bu da oyundan sonra həmin uşaqlara məni göstərdi. Töküldülər üstümə, başladılar vurmağa. Üzümün qanını “Neftçi”nin həmin zamankı prezidenti Sadıq Sadıqovun otağında yudum. Sadıq müəllim Quran gətirdi, ona əlimi basıb and içdim ki, heç bir günahım yoxdur. Söyən o, günahkar o, döyülən mən. İnanın, həmin futbolçu da Qurana əl basdı ki, günahkar odur. Şoka düşdüm. Üstündən neçə il keçmişdi. Düşünürdüm ki, günahsız ola-ola mən karyeramı bitirdim, bu adam hələ də oynayır. Fikirləşirdim ki, yəqin Qurana əl basmaqla günah işlətmişəm. Amma görün Allah-Təala onu futboldan necə uzaqlaşdırdı. Gərək heç kimin haqqına girməyəsən. Allah gec-tez cəzanı verir.
- Atanızın soyadı Kələşov olub, sizin də ləqəbiniz məhz buna görə "Kələş" idi. Maraqlıdır, sonradan soyadı Əliyev etdirməyiniz nədən qaynaqlanırdı?
- Atam Füzuli Əliyev də keçmiş SSRİ dönəmində futbolçu olub, 17 yaşlılar arasında ən güclü hücumçu adına layiq görülüb. Atamın soyadı Kələşov idi, hamı onu "Kələş" kimi çağırırdı. Atam da bundan bezib soyadını dəyişmişdi. Amma bütün futbol ictimaiyyəti onu da, məni də Kələşov kimi tanıyırdı. Yalnız oyunların protokolunda soyadım Əliyev yazılırdı.
"Millidə Foqtsun başına min oyun açırdılar"
- "Bakı"dan sonra qısa müddət "Rəvan"da oynadınız. Ardından elitada heç bir kluba lazım olmamağınızın səbəbini nədə görürsünüz?
- Mənə yer edən də bu olur ki, uzun müddət "Bakı"ya kapitanlıq edən futbolçu heç kimə lazım olmur. Halbuki onların hamısının başına meydanda oyun açmışam. Oyunumla klubları o qədər ağlatmışam ki... Biri demədi ki, buna şans verək. "Rəvan"da maliyyə dəstəyi olmadı, çox çəkmədi. Dedilər ki, AFFA pul ayırıb, verəcək. Nə AFFA pul verdi, nə rəhbərliyin buna imkanı çatdı. Nəticədə klub birinci diviziona düşdü. Aşağı liqada da 8 ay ərzində ümumilikdə 50 manat pul aldıq. Klubların sayı azaldı, çağıran olmadı, mən də futboldan getdim.
- Ölkədə futbolun hər iki üzünü - kasıb və pullu dönəmini görmüsünüz. Maliyyəni bir kənara qoysaq, keyfiyyət baxımından hansı dövr daha yaxşı olub?
- "Neftçi"də, "Olimpik"də oynayanda 700-1000 manat alırdım. Vidadi Rzayev, Emin Ağayev, Tərlan Əhmədov, Rauf Mehdiyev, Elçin Rəhmanov, Zaur Tağızadə, Mahir Şükürov və daha kimlərə qarşı oynamışam. Pul olmayan dövrdə daha sanballı futbolçular olub. Pulun artdığı vaxtda həmin lider oyunçular yavaş-yavaş futboldan gedirdilər. İqor Getman kimi müdafiəçini indi gündüz şamla da axtarsan tapa bilməzsən. Pullu vaxtda gələn legionerlərin səviyyəsi artdı.
- Deyəsən düşməniniz də az olmayıb...
- Hədsiz çox olub. Bəlkə də, xarakterimə görədir, çox deyingən olmuşam, haqsızlığa qarşı çıxmışam. Bəxtsizliklər də yaranıb. Bəlkə futbolumu bəyənməyənlər də olub. Məni ən çox "yandıran" karyeramın pik vaxtında yığmanın sabiq baş məşqçisi Foqtsun haqqımı yeməsi oldu. Deyirdilər ki, ona qarşı nəsə səhv söz demişəm, ona görə "qələmimi qırıb". Halbuki millidə Foqtsun başına min oyun açanlar, bardaq yaradanlar, hoqqabazlar yenə çağırılırdılar. Elə klublarda da haqqıma girib, sonradan peşmanlıq çəkənlər olub. Məsələn, Qyoko Haciyevski məni "Bakı"ya gətirdi, amma haqqımı tapdaladı. Hətta sonradan üzrxahlıq da eləmişdi.
"Böyük plan qurmuşdular ki, məni "Bakı"dan uzaqlaşdırsınlar"
- Hansı məşqçini hələ də bağışlaya bilmirsiniz?
- Mənim çöküş anım İbrahim Uzunca ilə oldu. Ona heç vaxt haqqımı halal eləmərəm. Bəlkə də, böyük bir plan qurmuşdular ki, məni "Bakı"dan uzaqlaşdırsınlar. Mənim dayağım Zeynal müəllim idi, o, qalmağımı istəyirdi. "Bakı"nın gənclərin ümidinə qalan dövrü idi. Uzunca "Neftçi" ilə oyunun 25-ci dəqiqəsində məni əvəzlədi. Paltardəyişmə otağında ona "professor" dedim, məni klubdan uzaqlaşdırdı. İdarəçi artıq Yaşar Seyidov idi, o da mənə dəstək vermədi. Hafiz Məmmədovun yanına gedib, onların ağızlarını yumdura bilərdim, amma bunu eləmədim. Sanki bir bəhanə gözləyirdilər. Hətta əvəzedicilərlə məşqə çıxmağımı da qadağan etdilər. Üzünə qayıtmamışam, anasını söyməmişəm. Bir "professor" sözü ilə "sındırdılar". Hesab edirəm ki, hazırlanmış plan idi, Yaşar Seyidov məni istəmirdi. Uzunca heç həvəskar liqada məşqçilik edəcək səviyyədə deyildi. Bəxti gətirdi, gəldi "Bakı"ya, kimləsə də əlbir olub mənim "torbamı tikdi".
"Həmin hərəkətimə görə millidə "kitabımı bağladı"
- Sizin vaxtınızda tapşırıqla oynadılan, yığmaya çağırılan çox idi?
- Bəli, var idi. "Bakı"da 2-3 belə oyunçu olub, amma oyunlara çıxmayıblar, yalnız məşq ediblər. Millidə isə nə qədər desən var idi. Klubunda ehtiyatda oturanları da, əcnəbiləri də milliləşdirib çağırırdılar. Foqtsun vaxtında yığmada nə qədər desən haqsızlıq olurdu. O, Bosniya və Herseqovina ilə oyundan sonra bir futbolçuya paltardəyişmə otağında dişinin dibindən çıxanı dedi. Sonra məni elə təriflədi ki, sevincimdən uçurdum. Foyedə gəlib çiynimi masaj edib, deyirdi ki, bravo, Elvin. Sonra test verdik, bütün göstəricilərim yüksək çıxırdı, kənardan məni alqışlayırdı. Bakıya qayıdandan sonra 3 günlük toplanış oldu. Nə oldusa, məni siyahıdan sildi. Bir epizod oldu, bəlkə də, həmin hərəkətimə görə millidə "kitabımı bağladı". Kənarda su içirdim, birdən top mən tərəfə gəldi. Yadımdan çıxdı, su qabı əlimdə başladım oynamağa. Birdən qışqırdı ki, stop, bura "pivnoy" deyil. Həmin toplanış millidə mənim üçün sonuncu oldu. Həmin 3 günlük hazırlıq vaxtı bir dəfə də Elvin Məmmədovla məni səhv saldı, dedim ki, mən Elvin Əliyevəm. Çöndü, tərs-tərs baxdı.
"Məni AFFA-da sorğu-suala tutanların hansı yolun yolçusu olduğunu bilirəm"
- 2016-cı ildə adınız danışılmış oyunlarda hallandı. Həqiqət nədən ibarət idi?
- “Rəvan”da 8 ay idi maaş almırdıq, komanda artıq çökürdü. 10-12 nəfər məşqə gəlirdi. Birinci divizionda isə futbol adına heç nə olmasa da, oyunlarda dəli kimi qaçmalısan. Biz də cəmi 30 metrlik ərazidə futzal topu ilə məşq edirdik. Belə vəziyyətdə əlbəttə ki, istədiyin oyunu göstərə bilməzsən. Sonra bizi AFFA-ya çağırdılar ki, UEFA-dan məlumat gəlib, komandanızın adı danışılmış oyunlarda hallanır. AFFA İcraiyyə Komitəsinin üzvləri, hakimlər, Vaqif Sadıqov, rəhmətlik Böyükağa Hacıyev orada idi. Böyükağa müəllim onlara bir kəlmə dedi ki, siz heç şir yuvasından tülkü çıxdığını görmüsünüz? Atamı göstərib bildirdi ki, Elvin bu şirin oğludur. Məni orada sorğu-suala tutanların hamısının yox, 50 faizinin hansı yolun yolçusu olduğunu bilirəm. Belələri gəlib haqq-ədalətdən, düzgünlükdən danışırdılar. Deyə də bilmirsən ki, filan vaxtı "oyunu uduzun, filan qədər verəcəyik" deyən sən deyildin? Və ya qapıdan keçən topu saymayan hakim sən deyilsən? Düzgünlük axtaran çıxmışdılar, cavablarını da verdim. Atam dedi ki, Elvin aqressiv danışır, ona fikir verməyin. Amma Xaqani Məmmədov qeyd elədi ki, çox gözəl danışır. Hakimlər Komitəsində işləyənlərdən biri dilləndi ki, nə qədər edirik, bir nəticəyə gələ bilmirik. Dedim ki, buradan nə nəticə əldə etmək istəyirsiniz, məqsədiniz nədir? Vəziyyəti soruşursunuz, mən də izah edirəm ki, məşq keçməyən komanda əlbəttə ki, uduzar. Dedim ki, boynuma qoya bilməzsiniz, çünki bu işdə yoxam. Elə kişinin oğlu da deyiləm ki, kimisə xəbərləyim. Vaxtında məsləhət kimi çağırardınız ki, təcrübəli futbolçusan, komanda haqda belə söz-söhbətlər var, klubu əlinə al. Futbol oynadığım vaxt pis qazanmamışam, pis-yaxşı şəraitimi də qurmuşam. Mənə birinci diviziondan 100-200 min verirlər ki, oyun alqı-satqısında iştirak edim?
"Meydanda elə atmosfer var idi ki, istəyirdin qan içəsən"
- Bəs niyə sizin də adınız siyahıda var idi?
- Hamısı gənc uşaqlar idi, "yuxarılara" onların adını deyən olmayacaqdı axı. Kimdir onları tanıyan? 3-4 tanınmış futbolçu var idi, onlardan biri mən, biri də Cəmşid Məhərrəmov idi. Üç ay araşdırma oldu, heç nə ortaya çıxmadı.
- Sizin dövrünüzdə klubların əvvəlcədən öz aralarında razılaşdıqları oyunlar çox olurdu?
- Bu cür hallar futbolda tarix boyu olub. Bundan sonra da olacaq. Amma heç vaxt sübut etmək mümkün deyil. Uzaq keçmişə getməyək, elə “İnter”lə “Simurq”un qardaşlığı göz önündə idi. Yəni bunlar dünyanın hər yerində olur. Futbolun bir qolu sayılır.
- 2009/10 mövsümündə ölkə kubokunun “Bakı” – “Xəzər Lənkəran” finalında yaşananlar hələ də müzakirə mövzusudur. Feyr-pleyə əməl etmədiniz və kuboku qazandınız. Geriyə dönüb baxanda xəcalət çəkmirsiniz?
- Əsla. Gərək o situasiyanın içində olasan. Rəqib “Xəzər Lənkəran”, baş məşqçisi Ağasəlim Mircavadov, tribunadakı isə Berti Foqtsdur. Bunların hamısına oyununla sübut etməlisən axı. Üstəlik, rəhbərlik tərəfindən güclü maliyyə dəstəyi var. Belə durumda kapitan kimi yükün altına girib, heç kimə deyə bilmərəm ki, qol buraxaq. Rəhbərlik göstəriş versəydi, bu başqa. Həmin epizoda baxsanız görərsiniz ki, Ernad Skuliç topu irəli atdı, Kamran Ağayev uğursuz mövqedə olduğundan qol oldu. Eyni formada “Xəzər Lənkəran” qol vursaydı, həyatı boyu onlar da feyr-pleyə əməl etməzdilər. Meydanda elə atmosfer var idi ki, istəyirdin qan içəsən.
"Gözümüzü pul bağlamışdı, 100 minə yaxın mükafat qazanırdıq"
- Həmin ərəfədə “Bakı” “Xəzər Lənkəran”ı həm kubokda, həm də çempionatda titulsuz qoydu. Halbuki oyunətrafı söz-söhbətlər çox idi?
- 25 gün ərzində “Xəzər Lənkəran”ı 3 dəfə udduq. Belə dediniz, bir hadisə yadıma düşdü. Kubokun finalından bir gün əvvəl otağımda oturmuşdum, zəng gəldi ki, səni çağırırlar. Bazadakı “bisetka”ya düşdüm ki, Mahmud Qurbanov, Rafael Əmirbəyov və Zeynal müəllimin adamı olan sürücü Elçin məni gözləyir. Elçin dedi ki, inkar etmə, dünən Tərlan Əhmədovla danışmısan, mesaj da var. Tərlan “Xəzər Lənkəran”da köməkçi-məşqçi idi. Onunla “Olimpik”dən dostluğum yaranmışdı, tez-tez mesajlaşırdıq. Söhbəti yayanı oradaca söydüm, qapını döyməmiş girdim Zeynal müəllimin otağına. O da bildirdi ki, narahat olma, elə bir şey olsaydı, başqa cür hərəkət edərdik. Amma oyun ətrafında nə söz-söhbət, nə danışıq var idi. Gözümüzü pul bağlamışdı. Həmin ərəfədə ardıcıl qələbələrə görə 100 minə yaxın mükafat qazandıq. Bülənt Qorxmazın vaxtında 9-cu yerə qədər düşmüşdük. Rəhbərliyin mükafat vədi futbolçuları qızışdırdı, qələbələri sıralamağa başladıq. “Xəzər Lənkəran”la matça isə ikiqat mükafat qoyulurdu. Bu komanda da Azərbaycan futbolunun “akkumulyator”u idi. Onlara qarşı meydana çıxanda futbol oynadığını hiss edirdin.
"Sanki Elvin adında adam olmayıb"
- Artıq uzun müddətdir futbol sahəsindən uzaqsınız. Özünüz işləmək istəmirsiniz, yoxsa təklif almamısınız?
- Heç vaxt kiməsə ağız açmamışam. Bəlkə kimsə dost-tanış bu sahədə çalışmağımı təklif eləsə, gələrəm. Təklif olmadığı üçün özüm də ciddi yanaşmamışam.
- Vaxtilə dostluq etdiyiniz futbolçular da sizi arayıb-axtarmır?
- Elə ən təsirlisi də budur. Hamısı məndən yaşca böyük idi, heç maraqlanan yoxdur ki, Elvin haradadır. Üz-üzə gələndə yalandan öpüşüb-görüşürəm, vəssalam. Halbuki vaxtilə gecə saat 3-də də zəng eləsəydilər, başımla bərabər deyilən yerdə olardım. Mən bu sahədən ayrılandan sonra sanki Elvin adında adam olmayıb. Görünür günah özümdə olub. Gərək insana çox bağlanmayasan, ürəkdən dostluq etməyəsən. Hazırda işlədiyim tikinti sahəsi də elədir ki, gərək insanlara inanmayasan, yazığın gəlməsin. Çünki bu gün əl tutduğun adam sabah səni "baltalayacaq". Bunları futbol sahəsində çox görmüşəm. Tərlan Əhmədovla bir dəfə yas yerində rastlaşdıq, dedim, heç maraqlanmırsan ki, haradasan, nə edirsən. Vaxtilə özümə qardaş bildiyim Rafael Əmirbəyov "Bakı"nın əvəzedici heyətinə göndəriləndən bəri bir dəfə də zəng vurmayıb. Halbuki "Bakı"da yeni gələn bütün baş məşqçilərin yanında onu tərifləmişəm ki, kapitanımızdır. Mənə lazım idi? Adama deyərlər ki, get, öz gününə ağla. İnsan umduğu yerdən gileylənər. Mən də onları özümə yaxın bildiyim üçün deyirəm. Hər şey futbolla bitmir. Bu yaşananlar, olan münasibətlər bir dərsdir. (apasport.az)