Dəyirmandakı adsız xoruz
- 09 Fev 2020 12:57
- 2052
- Şair Moşu Göyəzənlinin uşaqlarının anası...
- Öz adınız yoxdu?
- Adsız dəyirmanda xoruz oler! (“Bəxt üzüyü” filmindən Söylü və şair Moşunun sahə müvəkkili ilə dialoqundan)
Bu epizod dünən axşam soyuqdan tir-tir əsə-əsə gözlərimin önündən keçir, qulaqlarımda səslənirdi. Azərbaycan Premyer Liqası hazırda dəyirmandakı adsız xoruzun günündədi. Heç kim bu sözümdən inciməsin. Acı da olsa, reallıq belədi. “Topaz”ın imtinasından sonra PFL prezidenti Ramin Musayev ayağına çarıq geyinib, əlinə əsa aldı. Bizim şanlı çempionatımıza yeni tutul sponsoru axtarışına çıxdı. Deyilənə görə, tapmışdı da. Amma yuxarılardan “dabro” gəlməyincə onun tapdığı sponsorun adını çempionata verib, şərəfləndirmək mümkün olmadı. Beləcə yarıdan çoxu geridə qalan yeni mövsümdə Azərbaycan çempionatı adsızdı. Səkkiz komandanın futbolçularının meydanda topun arxasında ora-bura qaçması heç kimin marağında deyil.
Faciənin miqyasını təsəvvür etmək üçün bəzi məqamlara diqqət yetirək. AFFA-nın keçirdiyi U-17, U-15, U-13 liqalarının, U-14 “Elit Kuboku”nun sponsorları var. Həmin sponsorların da adları yarışlarla yanaşı çəkilir. Özü də hamısı məşhur firmalar, tanınmış markalardı. AFFA-nın təşkilatı dəstəyi ilə keçirilən, qurumun baş katibi Elxan Məmmədovun yaxın adamları tərəfindən idarə olun həvəskarın yarışı, yəni Milli Futbol Liqasının (MFL-in) sponsorlarının sayı yeddidir! Həvəskarların yarışına yeddi tanınmış firma pul ayırır, öz adlarını MFL-in yarışlarına yazdırırlar. Bu çempionatın püşkatması Bakıdakı beşulduzlu otellərdən birinin konfrans zalında atılır. Deməli, lazım olanda tanınmış brendlər, pullu şirkətlər futbola yaxın gələ bilərlər, pul da xərcləyərlər. Yetər ki, buna onları maraqlandırasan, yollarına daş qoymayasan. Belə çıxır ki, AFFA özü futbola kənardan sponsor gəlməsində, peşəkar klubların mübarizə apardığı Premyer Liqaya sponsor tapılmasında maraqlı deyil. Nəticə də göz qabağındadı. Azərbaycanın əsas futbol yarışı dəyirmandakı xoruz kimi adsız qalıb. Dünən axşam həmin o adsız çempionatda liderlərin görüşü keçirilirdi.
"Qarabağ”la “Neftçi” qarşılaşırdı. Kimisinin “Azərbaycan derbisi”, başqa birisinin də “Böyük oyun” adı verməyə çalışdırdığı, ciddi hadisə kimi təqdim etməyə çalışdığı qarşılaşma 2-3 azarkeş qrupundan, 5-6 idman jurnalistindən və vəzifələri gərəyi iş başında olan rəsmi şəxslərdən başqa heç kimə maraqlı deyildi. Dediklərimin sübutu oyunun rəsmi protokolunda da əks olunub. Qarşılaşmanı 3200 azarkeş izləyib. Bu da sizə “Azərbaycan derbisi”.
Bu say bir qədər artıq ola bilərdi. Əgər ki, PFL günlər öncədən səslənən hava proqnozunu diqqətə alıb, oyunu şənbə günü axşam saatlarına təyin etməsəydi. Onsuz da istirahət günü idi, havanın da kəskin dəyişəcəyi əvvəlcədən bəlli idi. O zaman “Qarabağ”-“Neftçi” qarşılaşmasının axşam saat 20:00-a təyin olunması hansı məntiqə sığırdı? Televiziya maraqlarından, yaxud da azarkeş axınından danışmaq yersizdi. Sponsor da yoxdu ki, deyəsən fəxri qonaqlar belə xahiş etmişdi. Mətbuat konfransında şəxsən Qurban Qurbanovdan soruşdum və məlum oldu ki, oyunun başlama saatıyla bağlı klublarla hansısa məsləhətləşmə aparılmayıb.
Oyundan sonra həmkarlarımdan biriylə metroya doğru qaçanda dişimiz dişimizə dəyirdi, soyuq suyu başımızdan aşağı süzülürdü. AFFA-nın bəy balaları öz şənbə keyflərində, istirahətlərində, futbolçularda lüks aparabalarıyla oranı tərk etmələrində. Yolüstü gözümə sulu qardan daldalanmağa çalışan çəlimsiz uşaqlar, sadiq fanatlar dəydi. Bizim günümüzdəydilər...
.