Azərbaycan millisinin məşqçilər korpusunda ayrılıq baş verib. Canni De Byazinin köməkçilərindən Klaudio Belluççi iş yeri ilə vidalaşıb.

Rekord.az xəbər verir ki, bundan sonra fəaliyyətini yalnız İtaliyada davam etdirəcək.

Belə ki, Belluççi A seriyasında çıxış edən “Kalyari”nin yeni baş məşqçisi Valter Matsarrinin köməkçisi təyin olunub.

Belluççini 1998-ci ildən tanıyan Matsarri onunla çalışmaq istəyini dilə gətirib və 46 yaşlı mütəxəssis köməkçi-məşqçi təyin olunub.

Matsarri 1998-ci ildə “Napoli”də qapıçı məşqçisi vəzifəsini icra etdiyi zaman Belluççi komandanın futbolçusu olub.

Belluççi AFFA-ya müraciət edib və müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.

Dmitri Kramarenkonun da bir müddət əvvəl millidən getməsini xatırladaq. Qapıçılar üzrə məşqçi bütün diqqətini Moskva MOİK-inə ayırıb. Onu yığmada Rauf Mehdiyev əvəzləyib. (sportinfo.az)