Gözlənildiyi kimi, AFFA millini yenə əcnəbiyə tapşırdı. Öncədən də bütün planlar buna görə qurulmuşdu. Pandemiyaya görə 3 aylıq yubanma olsa da sonluq gözlənilən və federasiyanın istədiyi kimi oldu. Deyirlər e guya siyahıda yerli namizəd də olub və sonda Di Byazi ilə Arif Əsədov arasında səsvermə yolu ilə seçim aparılıb, eşidin, amma inanmayın. Bunlar hamısı gözdən pərdə asmaqdan başqa bir şey deyil. Adama sual verərlər, Arif Əsədovu milliyə layiq hesab edirdinizsə, o zaman  digər namizədlər və elə Di Byazinin özü nəyə lazım idi, elə Əsədovu təyin edərdiniz də. Sizinki dediyim kimi, gözdən pərdə asmaq, guya şəffaf fəaliyyət görüntüsü yaratmaqdı. Siz yerli məşqçilərin üstündən çoxdan xətt çəkmisiniz. Qurban Qurbanovun təyinatı da məcburiyyətdən idi. Çünki tapşırıq elə yerdən gəlmişdi ki, onu geri çevirmək mümkün deyildi. Təyinata mane ola bilməsəniz də Qurbanovu millidən göndərmək üçün bir seçmə mərhələ bəs elədi sizə.

 

Di Byaziyə gəlincə, insaf naminə, Yurçeviçdən güclü məşqçidir.  Albaniya millisini Avro-2016-a da çıxardıb. Amma bunun küyünə düşmək olmaz. Albaniya millisində işləyəndə Di Byazinin əlində "material" var idi. Məsələn, biri elə bizim “Qarabağ”ın ən aparıcı futbolçularından olmuş Ansi Aqolli. Nəzərə alaq ki, Aqolli hələ Albaniya millisində ən aparıcı, əvəzedilməz futbolçu sayılmırdı, sadəcə, əsas heyətü üzvü idi. Hazırda Azərbaycanda ən azı Aqolli səviyyəsində futbolçu var? Yoxdur axı. Di Byazi bura gəlib kiminlə, hansı futbolçularla işləyəcək? Ola bilsin, Yurçeviçdən bir az artıq xal yığdı. Amma onun bizim millini Millətlər Liqasında qrupdan çıxaracağı inandırıcı deyil.

 

Di Byazi ilə bağlı bir məqam da diqqətimi çəkdi. İtaliyalı məşqçi müsahibəsində ona AFFA ilə müqavilə zamanı 1.5 illik müqaviləyə görə 900 min avro alacağı ilə bağlı sual verilib və Di Byazi deyib ki, guya yalan söhbətdi, o, Azərbaycan millisinə pul üçün gəlməyib. Bax burda bu şəxsin səmimiliyinə şübhə yaranır. Niyəsini deyim. Demək Di Byazi Avro-2016-a kimi Albaniya millisində ilinə 560-580 min avroya çalışıb. Avro-2016-dan sonra Albaniya Futbol Federasiya ona ilinə 800 min avroluq müqavilə təklif etsə də italiyalı mütəxəssis bunu qəbul etməyib və Albaniyanı tərk edib. İndi sizcə, daha perspektivli Albaniya millisində ilinə 800 min avroluq müqaviləni qəbul etməyən Di Byazi Azərbaycan  millisində 1.5 ilə 900 min avrodan az pula işləməyə razı olar? Təbii ki, yox. Adam burdakı işinə görə, ən azı 1 milyon avro qazanacaq. Sadəcə, guya bura pul üçün gəlmədiyini deməklə, özünü səmimi göstərmək istəyib.

 

Anar XANLAROV